Hakimə rüşvət verən klub Premyer Liqadan qovulub

Tarix: 14:28 10.07.2025
Moskvanın "Torpedo" komandası 2025/2026 mövsümündə Rusiya Premyer Liqasının iştirakçıları siyahısından çıxarılıb.
"İnformator.az" "Sport-Ekspress"ə istinadən xəbər verir ki, bu barədə qərar Rusiya Futbol İttifaqının (RFS) Nizam-İntizam Komitəsinin iclasında qəbul olunub.
Futbol yarışlarında danışılmış oyunun təşkili cəhdinə görə klub 5 milyon rubl (108 min 734 manat) məbləğində də cərimələnib.
"Torpedo"nu əvəzləyəcək komandanı RFS müəyyənləşdirəcək. Bu klubun elitada 15-ci yeri tutmuş "Orenburq"un olacağı gözlənilir.
Qeyd edək ki, iyunun 21-də Moskvanın Meşanski məhkəməsi "Torpedo"nun sahiblərindən biri Leonid Sobolevi və klubun direktoru Valeri Skorodumovu saxlayıb. Onları komanda xeyrinə qərar verməsi üçün hakimə rüşvət cəhdində şübhəli biliblər. Bu məqsədlə Moskva vilayətindən olan hakim Maksim Perezvaya təzyiq göstərildiyi də bildirilir.