Miras qanunvericiliyində mühüm dəyişikliklər-Mülki mübahisələrin azalacağı gözlənilir

Tarix: 12:05 14.07.2025
Prezident İlham Əliyev Torpaq, Mülki Prosessual və Mülki Məcəllələrə, “Notariat haqqında” və “İcra haqqında” qanunlara dəyişiklikləri təsdiqləyib. Bu dəyişikliklər mirasla bağlı mülki mübahisələrin qarşısının alınmasına və vərəsəlik mexanizminin təkmilləşdirilməsinə xidmət edir. Son illər vəfat etmiş şəxslərin vərəsələri arasında əmlaka sahibliklə bağlı yaranan mübahisələrin artması bu sahədə hüquqi boşluqların olduğunu göstərirdi. Yeni dəyişikliklərlə bu boşluqlar aradan qaldırılır.
Məsələ ilə bağlı hüquqşünas Mehman Muradlı “İnformator.az” saytına açıqlamasında bildirib ki, qanunvericiliyə əsasən, artıq mirasdan imtina yalnız bütün vərəsələr imtina etdikdə rəsmiləşəcək:
"Yəni, vərəsələrdən birinin belə mirasdan imtina etməməsi həmin mirasın dövlətə keçməsinin qarşısını alacaq. Əvvəllər isə heç kim iddia etmədikdə bu, avtomatik imtina kimi dəyərləndirilirdi. Bu dəyişikliklər vərəsələrin hüquqlarının daha aydın və şəffaf şəkildə qorunmasına imkan verəcək. Mirasın qəbulundan imtina etməyən vərəsə avtomatik olaraq mirası qəbul etmiş sayılacaq. Həmçinin, vərəsələrə mirasın siyahıya alınmasını tələb etmək hüququ tanınır və bu prosedur müraciət daxil olduqdan sonra iki ay ərzində həyata keçiriləcək".
Müsahibimizin sözlərinə görə, dəyişikliklər həmçinin vərəsənin vəfatından sonra onun varisinin ilkin miras qoyanın əmlakından pay alma hüququnu da əhatə edir:
"Bu halda mirasın qəbulu müddətləri ilə bağlı əvvəlki məhdudiyyətlər aradan qaldırılıb. Əgər vərəsənin varisinə düşən imtina müddəti 3 aydan azdırsa, bu müddət avtomatik olaraq 3 ayadək uzadılacaq. Miras qoyanın kreditorlara olan borcları ilə bağlı da yeniliklər nəzərdə tutulub. Belə ki, artıq vərəsələr yalnız mirasdan aldıqları əmlak həddində borclara görə cavabdeh olacaqlar. Bu dəyişiklik kreditor və vərəsələr arasında balanslı münasibətin formalaşmasına səbəb olacaq.
Notariat orqanlarının səlahiyyətləri də genişləndirilib. Notarius tərəfindən verilən vərəsəlik şəhadətnamələrində digər vərəsələrin payları da göstəriləcək. Bu, şəhadətnamə almaq üçün müraciət etməyən vərəsələrin hüquqlarının pozulmasının qarşısını alacaq. Bu dəyişikliklər mülkiyyət hüququnun konstitusion təminatını gücləndirəcək, vərəsələr arasında ədalətli bölgü prinsipini möhkəmləndirəcək və mübahisələrin sayını əhəmiyyətli dərəcədə azaldacaq".
Ayan Əsgərova