Aİ ABŞ-yə qarşı tarifləri təxirə salıb

Tarix: 12:07 14.07.2025
Avropa İttifaqı ABŞ ilə ticarət razılaşması ümidləri fonunda bu ölkədən idxala tətbiq olunacaq cavab rüsumlarını bir qədər də təxirə salıb. Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, blok Tramp administrasiyası ilə danışıqları davam etdirdiyi üçün əks tədbirləri dayandırmaq qərarına gəlib.
“Danışıqlar yolu ilə həllə üstünlük veririk və avqustun 1-nə qədər bu imkandan istifadə edəcəyik”, – deyə o, Brüsseldə çıxışında vurğulayıb. Bununla yanaşı, Aİ cavab tədbirləri üçün tam hazır vəziyyətdə olduğunu da bəyan edib.
Bu addım Trampın avqustun 1-dən Avropa və Meksikadan idxal olunan mallara 30 faiz rüsum tətbiq edəcəyi barədə açıqlamasından sonra atılıb. Mart ayında Aİ ABŞ-nin polad və alüminium məhsullarına tətbiq etdiyi rüsumlara cavab olaraq 30 milyard dollarlıq əks tariflər planlaşdırdığını açıqlamışdı. Lakin Trampın cavab gömrük rüsumlarını 90 günə təxirə salmasından sonra Aİ də bu müddət ərzində tədbirləri dayandırmaq qərarı vermişdi. İndi isə həmin müddət başa çatır.
Avropa İttifaqı ticarət nazirləri bazar ertəsi Brüsseldə toplanaraq Trampın yeni tarif təhdidlərinə qarşı mümkün addımları müzakirə edəcək. Ağ Evin iqtisadi müşaviri Kevin Hassett isə bildirib ki, Tramp tərəfdaşlardan daxil olan təklifləri kifayət qədər yaxşı saymır və əgər onun şərtlərinə uyğun razılaşma əldə olunmasa, tariflər qüvvəyə minəcək. Eurostat-ın məlumatına əsasən, 2024-cü ildə Aİ ilə ABŞ arasında mal və xidmət ticarətinin həcmi 2 trilyon dollara çatıb.
Mənbə: Al Jazeera
Qəmər Kazımzadə