Çin və Serbiya ilk birgə hərbi təlimlərini keçirəcək

Tarix: 18:18 14.07.2025
Çin və Serbiya bu ayın sonlarında Çin Xalq Respublikası şimalındakı Hebey əyalətində ilk dəfə birgə hərbi təlim keçirəcək. Təlimlərin məqsədi döyüş hazırlığını artırmaq və müdafiə əməkdaşlığını dərinləşdirməkdir, bu barədə Çin Müdafiə Nazirliyi bazar ertəsi məlumat verib.
“Peace Guardian 2025” (Sülh Qoruyucusu 2025) adlı təlim Hebey əyalətində keçiriləcək və hər iki ölkənin xüsusi əməliyyat qoşunlarının iştirakı nəzərdə tutulub.
Çin Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik Jiang Bin Pekində keçirilən brifinqdə bildirib: “Bu, Çin və Serbiya ordularının ilk birgə təlimi olacaq. Təlim iştirak edən qoşunların döyüş qabiliyyətini gücləndirəcək və iki ordu arasında əməkdaşlığı dərinləşdirəcək".
Son illərdə Çin və Serbiya siyasi, iqtisadi və müdafiə sahəsində əlaqələrini genişləndirib. 2024-cü ildə Çin, Serbiyanın Avropa İttifaqından sonra ikinci ən böyük ticarət tərəfdaşı olub.
Çin Prezidenti Si Cinpin əvvəlki vaxtlarda Serbiya mətbuatına yazdığı məqalədə iki ölkə arasındakı dostluğun “hər iki xalqın birgə tökdüyü qanla sulandığını” vurğulayaraq, bu əlaqənin paylaşılmış fədakarlıq və əməkdaşlıq əsasında qurulduğunu bildirib.
ANEWZ
Gülhüseynova Güllər