"Milli-Mənəvi Dəyərlərimizin İzində" Adlı Tədbir Keçirilib

Bölmə: Sosial › ,
Tarix: 11:32 15.07.2025

"Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi"nin maliyyə dəstəyi ilə “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyi tərəfindən “Milli-Mənəvi Dəyərlərimizin İzində” adlı layihə çərçivəsində maraqlı bir tədbir təşkil olunub.

 

Tədbir çərçivəsində 55-65 yaş arası yaşlı nəslin nümayəndələri arasında milli-mənəvi dəyərlərə həsr olunmuş yarışma formatlı proqram keçirilib. Tədbirin açılışında layihə rəhbəri Bəsti Nəsibova çıxış edərək bildirib ki, bu layihənin əsas məqsədi milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində ahıl insanların asudə vaxtlarının səmərəli təşkilini təmin etməkdir. O qeyd edib ki, layihə yaşlı nəslin mənəvi dünyasının zənginləşdirilməsi, onların cəmiyyətlə daha sıx inteqrasiyası və aktiv sosial həyata cəlb olunmasını hədəfləyir. Eyni zamanda, layihə çərçivəsində yaşlı nəslin təcrübə və biliklərini bölüşmələri, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsində fəal iştirakı, özlərini dəyərli hiss etmələri və milli kimlik hissinin möhkəmlənməsi üçün şərait yaradılıb.

Tədbirdə dərzilik sənəti ilə yarışmaya qatılan Asif Əliyev bu sənətin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğuladı. O bildirdi ki, dərzilik bacarığı ailəsində nəsildən-nəsilə ötürülərək bu günə gəlib çatıb. Asif Əliyev tədbir zamanı öz əlləri ilə hazırladığı geyim nümunələrini nümayiş etdirdi və əl işləri iştirakçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılandı.

Digər iştirakçı Sevinc Allahverdiyeva hazırladığı gül buketini təqdim edərək floristika sənətinə olan sevgisini bölüşdü. O, bu işlə uzun illərdir məşğul olduğunu və gənc nəslə bu sənəti böyük həvəslə öyrətmək istədiyini qeyd etdi. Onun əl işi tədbir iştirakçılarında xoş təəssürat yaratdı.

Kifayət Musayeva isə yarışmada hazırladığı milli şirniyyat nümunələri ilə çıxış etdi. O, müxtəlif şirniyyatları təqdim edərək bacarığını nümayiş etdirdi. Onun hazırladığı təamlar tədbir iştirakçıları tərəfindən xüsusi zövqlə qarşılandı və yüksək qiymətləndirildi.

Psixoloq Elnarə Məlikova çıxışında yaşlı insanlara həyatın hər anından zövq almağı tövsiyə etdi. O, qeyd etdi ki, yaş artdıqca həyat sevgisi daha da dərinləşməli, insan öz dəyərliliyini unutmamalıdır. Məlikova vurğuladı ki, pozitiv düşüncə və sosial fəallıq insanın ruh halını yüksəldir və uzunömürlülüyə töhfə verir.

Tədbir zamanı bütün iştirakçıların əl işləri nümayiş etdirildi. Hazırlanan əsərlər zövqlə təqdim olunaraq iştirakçılar və qonaqlar tərəfindən böyük maraqla qarşılandı. Əl işləri münsiflər heyəti tərəfindən qiymətləndirildi və yaradıcı yanaşmaları yüksək dəyərləndirildi. Bu təqdimat yaşlı nəslin bacarıq və istedadlarının üzə çıxarılması baxımından xüsusi əhəmiyyət daşıyırdı. Tədbirin sonunda iştirakçılara mükafatlar və xatirə hədiyyələri təqdim olundu.

 

 

 

“Ahıllara və Tənhalara” Dəstək ictimai birliyinin sədri Ruhiyyə Məmmədova