Suriyada toqquşmaların şiddəti artıb

Bölmə: Dünya › ,
Tarix: 13:33 15.07.2025

Suriyanın cənubunda, İordaniya sərhədində yerləşən Süveyda vilayətində druzilərlə bədəvi ərəb tayfaları arasında toqquşmalar davam edib. Druzi qüvvələrinin bölgəyə göndərilən Suriya ordusuna hücumu nəticəsində 18 əsgər həlak olub, 9 əsgər isə girov götürülüb.

 

Daxili İşlər Nazirliyinin sözçüsü Nureddin əl-Baba Suriya Xəbər Kanalına verdiyi açıqlamada bildirib ki, Süveyda xalqının yardım çağırışlarına cavab olaraq və vilayətdə təsirli tərəflərlə koordinasiyalı şəkildə hərəkət ediblər.

 

Baba qeyd edib: “Müdafiə və Daxili İşlər nazirlikləri tərəfindən təhlükəsizlik yerləşdirmə planı hazırlanıb. Bu planın məqsədi dövlətin nüfuzunu və qanunun aliliyini bərqərar etmək, qanunsuz silahlı qrupları tərksilah etməkdir".

 

Suriya Müdafiə Naziri Murhaf Əbu Kasra isə "X" platformasında Süveyda ilə bağlı açıqlamasında Müdafiə Nazirliyinin əsgərlərinə səslənərək deyib: “Vətəndaşlarınıza sahib çıxın. Onları hədəf alan dəstələrlə xalqın arasına sədd olun. Dövlət və şəxsi əmlaka qarşı törədilən hər cür talana qarşı ayıq olun. Hər bir səhlənkarlıq qeydə alınacaq, hər bir laqeydliyin hesabı sorulacaq".

 

İsrail Müdafiə Qüvvələri (IDF) tərəfindən verilən açıqlamada bildirilib:

 

“Bu gün səhər saatlarında Suriyanın cənubundan Süveyda şəhərinə doğru hərəkət edən tanklar aşkarlanıb. IDF həmin tankların hədəfə çatmasının qarşısını almaq üçün hücum həyata keçirib. Bu tankların Suriyanın cənubunda mövcudluğu İsrail dövləti üçün təhlükə yarada bilərdi. IDF Suriyanın cənubunda hərbi təhdid olmasına icazə verməyəcək, bunu önləmək üçün əlindən gələni edəcək. Bölgədəki hadisələri izləməyə davam edirik".

 

Süveydada dünən səhər saatlarında druz qrupların bədəvi ərəb tayfalarına məxsus bəzi avtomobilləri ələ keçirməsindən sonra kiçikmiqyaslı silahlı toqquşmalar başlanıb. Tərəflər qarşılıqlı şəkildə bəzi mülki şəxsləri qaçıraraq girov götürüb, toqquşmalar daha da şiddətlənib, nəticədə ən azı 30 nəfər həlak olub, 100 nəfər isə yaralanıb.

 

Haberler.com

Aygün Babayeva