Sülh sazişi bölgəyə sabitlik gətirə bilər-Makron

Tarix: 17:33 15.07.2025
Cənubi Qafqazda davam edən gərginliyin azaldılması və uzunmüddətli sabitliyin təmin olunması məqsədilə Ermənistan və Azərbaycan arasında sülh sazişi istiqamətində aparılan danışıqlar beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Bu kontekstdə Fransanın Prezidenti Emanuel Makronun səsləndirdiyi son bəyanat geniş rezonans doğurub. Makron bildirib ki, "Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması regionun bütün xalqları və ölkələri, eləcə də onun hüdudlarından kənarda olanlar üçün yeni səhifə aça bilər".
Onun bu açıqlaması Fransa və digər Qərb dövlətlərinin Cənubi Qafqazda artan fəallığının növbəti təzahürü kimi qiymətləndirilir.
Məsələ ilə bağlı siyasətçi Tural Abbaslı "İnformator.az"a açıqlamasında bildirib ki, bu müqavilə Azərbaycanın müəyyən məsələlər üzrə ya qarant ölkələrə, ya da birbaşa Ermənistana qarşı öhdəlik götürməsi anlamına gələ bilər:
"Qeyd etməliyəm ki, bizim təkcə Ermənistanla deyil, Rusiya, Gürcüstan, İran, Türkiyə və Xəzər dənizi vasitəsilə Qazaxıstan və Türkmənistanla da sərhədlərimiz mövcuddur. Amma bu ölkələrlə sülh müqaviləsi imzalamamışıq və bu o demək deyil ki, bir-birimizə hücum edir və ya ərazi iddiaları irəli sürürük. Sadəcə olaraq, hazırda Ermənistan və onun beynəlxalq havadarları Azərbaycanı, vaxtilə onun tarixi torpaqları üzərində yaradılmış Ermənistan dövlətini tam şəkildə tanımağa məcbur etməyə çalışırlar. Açıq şəkildə deməliyik ki, Azərbaycan yalnız Zəngəzur dəhlizinə deyil, bütövlükdə Zəngəzur bölgəsinə iddialı olmalıdır. Çünki 1920–1921-ci illərə qədər bu ərazilər Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində olub. Hazırda Fransa, ABŞ və bəzi digər dövlətlər sülh müqaviləsi deyiləndə Azərbaycan tərəfindən Ermənistanın ərazi bütövlüyünün tanınmasını nəzərdə tuturlar. Halbuki bu ərazi bütövlüyü əslində Azərbaycan torpaqlarını da əhatə edir. Bu səbəbdən hesab edirəm ki, belə bir sənədin imzalanması Azərbaycan üçün zəruri deyil. Azərbaycan hökuməti danışıqlardan imtina etmir, lakin hələlik görünən odur ki, bu formada təqdim olunan sülh müqaviləsini imzalamağa da həvəsli deyil. ABŞ, Rusiya və Fransa regionda ya öz mövcudluqlarını qorumaq, ya da təsir güclərini artırmaq niyyətindədirlər. Bu məqsədlə Zəngəzur dəhlizi məsələsini və onun üzərində yurisdiksiya hüququnu, yaxud da sülh müqaviləsinin qarantoru olmağı hədəfləyirlər. Bu isə regionun geosiyasi güclər arasında mübarizə meydanına çevrilməsinə səbəb ola bilər ki, bu da Azərbaycanın maraqlarına uyğun deyil".
Müsahibimiz həmçinin bildirib ki, Azərbaycan və Ermənistan arasındakı Qarabağ məsələsi 2020-ci ildə baş vermiş 44 günlük müharibədən sonra ikitərəfli formatda həll olunmağa çalışılıb:
"Ermənistan hər dəfə prosesi üçüncü tərəflərin — Fransa, Rusiya, ABŞ və digərlərinin — iştirakı ilə yönləndirməyə çalışır. Son vaxtlar yayılan məlumatlara görə, guya Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizi ilə bağlı razılaşma əldə olunub və bu prosesdə ABŞ qarant kimi çıxış edəcək. Bəziləri bu təklifi Türkiyənin verdiyini iddia etdilər, lakin sonra məlum oldu ki, belə bir təklif olmayıb. Bu cür yanaşmalar Rusiyanı qıcıqlandıra, yaxud əksinə, Rusiyaya üstünlük veriləcəyi təqdirdə Qərb və ABŞ-ı narazı sala bilər. Düşünürəm ki, hazırkı formatda təqdim olunan sülh müqaviləsinin imzalanması Azərbaycan üçün məqsədəuyğun deyil. Azərbaycan Zəngəzur dəhlizini əldə etməlidir — bu onun hüququdur. Azərbaycan həmçinin tarixi torpaqlarına qayıtmalıdır — bu da onun təbii və qanuni hüququdur. Azərbaycan Ermənistanla münasibətləri ikitərəfli formatda tənzimləməlidir".
Güllər Gülhüseynova