Sanksiyaların təsdiqləndiyi açıqlanıb

Tarix: 18:12 15.07.2025
Fransanın xarici işlər naziri Jan-Noel Barro Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirlərinin Brüssel görüşündə 22 rusiyalıya qarşı sanksiyaların təsdiqləndiyini açıqlayıb. Bu barədə jurnalistlərə açıqlamasında bildirib:
“Bu gün səhər Brüsseldə altı rusiyalı hakim və 16 rusiyalı fiziki şəxsin Avropa ərazisinə girişinə qadağa qoyulmasını, eləcə də onların aktivlərinin dondurulmasını təsdiq edirik”, – deyə bildirib. Barro həmçinin 7 Moldova vətəndaşına qarşı sanksiyalar tətbiq edildiyini də vurğulayıb. Bununla belə, nazir sözügedən sanksiyaların mahiyyətini açıqlamayıb. O, həmçinin xatırladıb ki, bu gün Ukrayna münaqişəsi ilə bağlı Rusiyaya qarşı 18-ci sanksiyalar paketi razılaşdırıla bilər.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Aytən Qurbanova bildirib ki, sanksiyaların əsas hədəfi Rusiya üzərində bütün təzyiq alətlərindən istifadə etməkdir:
“Rusiya-Ukrayna müharibəsi hərbi cəbhədə daha geniş xarakterli əməliyyatlarla müşahidə olunub. Rusiya Ukraynanın ərazilərinin böyük bir hissəsini işğal edərək öz nəzarəti altına alıb. İşğalın legitimləşdirilməsi ilə bağlı çıxışlar etməyə başlayıb. Bu da qlobal sistem üçün ciddi təhdidlərin hələ də davam etdiyini sübut edib. Avropa İttifaqı tərəfindən Rusiya ilə münasibətdə atılacaq addımlar daha intensiv xarakter almağa başlayıb. Avropa İttifaqının 18-ci sanksiyalar paketinin razılaşdırılması məsələsinin gündəmə gəlməsi buna bariz nümunədir. Bu addımlar müəyyən qədər Rusiya üzərində öz təsirini göstərib. Dönüm nöqtəsini yaradacaq əsas məqam sanksiyaların tətbiq olunmasıdır. Bu günə qədər Rusiyaya qarşı tətbiq olunan bütün sanksiyalardan asanlıqla yayınma halları aydın şəkildə müşahidə edilib. Bu da Rusiyanın Ukraynaya qarşı daha aqressiv davranmasına səbəb olub. Həm Ukraynanın ərazisinin böyük bir hissəsinin işğal olunması, həm də Ukraynaya qarşı Rusiyanın aqressiv ritorika ilə çıxış etməsi ciddi təhdidlərin yarandığını göstərən bariz nümunədir".
Aygün Babayeva