Anlaşma Memorandumu təsdiqlənib

Bölmə: Siyasət › ,
Tarix: 19:42 15.07.2025

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb. Dövlət başçısının imzaladığı digər qanunla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə), I/10 qaydasına uyğun olaraq sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu təsdiq edilib. Bu sənəd də 2025-ci il aprelin 28-də Ər-Riyad şəhərində imzalanıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, Səudiyyə Ərəbistanının bu sahədə kifayət qədər təcrübəsi var:

 

“Bu təcrübə Azərbaycanın kənd təsərrüfatı üçün mühüm əhəmiyyət kəsb edir. Səudiyyə Ərəbistanı orqanik bitkilərin yetişdirilməsi və onların yüksək standartlara uyğunlaşdırılması sahəsində ciddi nailiyyətlərə imza atıb. Bu nailiyyətlərdən Azərbaycan tərəfi bəhrələnə bilər. Kənd təsərrüfatı məhsulları elə üsullarla istehsal edilir ki, bu məhsullar yalnız MDB ölkələrinə ixrac edilib. Rusiya Azərbaycanın bir çox məhsullarının ixracını əngəlləyib. Rusiya bazarlarına giriş çətinləşəndə Avropa bazarlarına üz tuta bilərdik. Təəssüf ki, Azərbaycan məhsullarının keyfiyyəti Avropa standartlarına uyğun gəlmir. Dənizçilik sahəsində isə BƏƏ bizim təcrübədən bəhrələnə bilər. Azərbaycanda çar Rusiyası dövründə gəmiçilik inkişaf edib. Kənd təsərrüfatı sahəsində isə biz BƏƏ-dən bəhrələnə bilərik. Memorandum o qədər də ciddi əhəmiyyətə sahib deyil. Sadəcə dənizçilik və kənd təsərrüfatı sahəsində təcrübə mübadiləsi üçün istifadə olunub".

 

Aygün Babayeva