Slovakiya Aİ-dən enerji zəmanətləri layihəsi alıb

Tarix: 22:16 15.07.2025
Slovakiya Avropa Komissiyasından 18-ci Rusiya əleyhinə sanksiyalar paketinə səs verməsi müqabilində enerji sahəsində zəmanətləri əhatə edən layihə təklifi alıb.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul etməyə çalışsa da, 13 iyulda Aİ-nin Xarici Əlaqələr Komitəsində keçirilən müzakirələr zamanı Slovakiya və Malta bu sanksiyaları dəstəkləməyə hazır olmadıqlarını nümayiş etdirdilər:
"Slovakiya Avropa İttifaqı ölkələrindən biri olsa da, Rusiya ilə yaxın münasibətlərə sahibdir. Bunu ölkənin baş naziri Robert Ficonun Putinin dəvəti ilə Qırmızı Meydanda keçirilən Qələbə paradında iştirak etməsi də sübut edir. Bu addım Slovakiya-Rusiya münasibətlərinin xüsusi xarakter daşıdığını göstərir. Slovakiyanın enerji təminatı isə böyük ölçüdə Rusiyadan asılıdır. Hazırda Rusiya qazı "Türk axını" marşrutu ilə Slovakiyaya çatdırılır. 2025-ci ilin fevral ayından etibarən Slovakiyaya qaz nəqli yeni marşrut üzrə bərpa olunub. Rusiya tərəfi hələ fevral ayında bildirib ki, növbəti aylarda bu nəqlin həcmi bir neçə dəfə artırılacaq. Bu amillər Slovakiyanın Rusiyadan enerji baxımından nə qədər asılı olduğunu açıq şəkildə ortaya qoyur. Eyni zamanda, Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul etməyə çalışsa da, 13 iyulda Aİ-nin Xarici Əlaqələr Komitəsində keçirilən müzakirələr zamanı Slovakiya və Malta bu sanksiyaları dəstəkləməyə hazır olmadıqlarını nümayiş etdirdilər. Slovakiyanın mövqeyi ondan ibarətdir ki, Avropa İttifaqı Rusiyaya qarşı tətbiq ediləcək 18-ci sanksiyalar paketini dəstəkləməsi üçün əvvəlcə ölkənin enerji təhlükəsizliyi ilə bağlı zəmanət təqdim etməlidir. Baş nazir Robert Fico isə yaxşı bilir ki, Avropa İttifaqının bu cür təminat vermək imkanı mövcud deyil.
Slovakiya 2028-ci ilə qədər Rusiyadan qaz idxalını tam dayandırmağı planlaşdırır. Lakin bu keçid üçün alternativ enerji mənbələrinə ehtiyac var. Fico da məhz bu səbəbdən Avropa İttifaqından enerji təminatı ilə bağlı konkret zəmanətlər tələb edir. Əks halda, ölkəsinin Rusiyaya qarşı sanksiyaları dəstəkləməyəcəyini açıq şəkildə ortaya qoyur.
Avropa İttifaqının isə bu mərhələdə Slovakiyaya belə zəmanətlər verməsi real görünmür. Hətta 2028-ci ilə qədər Rusiyadan qaz asılılığından tamamilə qurtulmaq da hazırkı vəziyyətdə çətin məsələdir. Görünür ki, Slovakiya rəhbərliyi bu reallığı tam şəkildə anlayır. Fico-nun Avropa İttifaqı qarşısında irəli sürdüyü tələblər də məhz bu anlayışdan doğur. Yekunda demək olar ki, Slovakiya və Malta Rusiyaya qarşı 18-ci sanksiyalar paketini dəstəkləməyə bilər və Fico-nun bu qərar üçün əlində əsaslı arqumentləri mövcuddur".
Səmayə Səftərova