Merzdən Trampın Ukrayna açıqlamasına: Böyük miqdarda...

Tarix: 22:21 15.07.2025
ABŞ Prezidenti Donald Tramp vacib təşəbbüslə çıxış edib.Bunu Almaniya kansleri Fridrix Merz bildirib.
“Avropa onları maliyyələşdirsə, ABŞ Ukraynanı böyük miqdarda silahla təmin edəcək”, - Merz söyləyib.
Qeyd edək ki, daha öncə Tramp açıqlamasında AB ilə Ukraynaya silah tədarükü ilə bağlı razılıq əldə etdiklərini bəyan edib.
Mövzu ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov “İnformator.az” açıqlamasında bildirib ki, sanki Avropa ilə ABŞ arasında uzun müddət davam edən fikir ayrılığı fonunda Rusiya-Ukrayna müharibəsində hansısa bir razılaşma görüntüsü müşahidə olunur:
“Əslində, burada nə baş verir?”Biz bilirik ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ ilə Avropa İttifaqı dövlətləri arasında çox ciddi fikir ayrılığı yaranıb. Bu fikir ayrılığının əsas səbəblərindən biri də Rusiya-Ukrayna müharibəsi ilə bağlı olub. Bu müharibədə tərəflər fərqli mövqelər sərgiləyirdilər. ABŞ müəyyən mənada Rusiyaya, Avropa ilə müqayisədə daha loyal münasibət bəsləyib. Bu da əsasən Donald Trampın şəxsi mövqeyi ilə bağlı olub. Avropa isə sərt mövqeyində qalırdı. Yəni, Avropa Rusiyanın məğlubiyyətinə qədər bu müharibənin davam etdirilməsinin tərəfdarı olub. ABŞ isə müharibəni dərhal dayandırmaq və sülhü müzakirə etmək niyyətini ortaya qoymuşdu. Bu, hətta müəyyən ərazilərin Rusiyaya güzəştə getməsi hesabına olsa belə, ABŞ-nin mövqeyi bu şəkildə olub.Amma indi tərəflər arasında müəyyən mövqe uyğunluğu görünür və ya müəyyən mənada eyni mövqedən çıxış etmənin şahidi oluruq. Əslində, ABŞ Rusiyanın danışıqlara getmək niyyətində olmadığını və mümkün qədər daha çox ərazini nəzarətə götürmək istəyini gördükdən sonra Donald Tramp öz siyasətinin bu istiqamətdə uğursuzluğa düçar olduğunu başa düşür”.
Politoloq qeyd edib ki, təbii ki, bu uğursuzluğun fonunda ölkədə də ictimai rəğbət aşağı düşmüşdü:
“Amma hər halda Donald Tramp bu məsələdə Rusiyaya təzyiq göstərmək istəyib. Ona görə də ən son Rusiyaya 50 gün vaxt verib. Bildirilib ki, əgər Rusiya bu 50 gün ərzində ABŞ-nin dediyi istiqamətdə dəyişiklik etməsə, ona və onun müttəfiqlərinə qarşı sanksiyalar tətbiq ediləcək, vergi rüsumları isə 100 faiz həcmində hesablanacaq.Əslində, bu 50 günün verilməsi Rusiyaya müəyyən qədər əlavə vaxt tanınması deməkdir. Yəni, 50 gün təxminən 1 ay yarım, iki aya yaxın bir müddət edir və bu müddət ərzində Rusiya hansı əraziləri nəzarətə götürəcək, bu bəlli deyil. Amma həmin əraziləri nəzarət altına almaq üçün kifayət qədər zaman olduğu da aydındır.Düşünürəm ki, bəlkə də ən son telefon danışıqları zamanı razılıq əldə edilməsə belə, bu 50 gün məsələsi məhz həmin danışıqlarda müzakirə olunan mövzulardan biri olub və sonradan Donald Trump bununla bağlı mövqe sərgiləyib.Bu mərhələdə Rusiyanı həm ABŞ tərəfindən danışıqlara məcbur etmək, həm də Avropa tərəfindən zəiflətmək məqsədi güdülür. Ukraynaya dəstəyin artırılması məsələsi də gündəmə gəlir. Yəni, əgər ABŞ Rusiyaya təzyiq göstərmək istəyirsə, bu halda Ukraynaya dəstəyi nümayiş etdirməli və onu artırmalıdır ki, Rusiya danışıqlara məcbur edilsin. Əks halda, sadəcə sözlərlə, bəyanatlarla Rusiyanın mövqeyi dəyişməyəcək və bunu ABŞ çox gözəl anlayır.Bu baxımdan həm 50 gün vaxtın verilməsi, həm də paralel şəkildə Ukraynaya dəstəyin artırılması, silahların verilməsi məsələsi aktualdır. Bu, hələlik danışıq mərhələsindədir. Mənim düşüncəmə görə, əgər Rusiya bu 50 gün ərzində ABŞ-nin dediyi istiqamətdə hər hansı dəyişiklik etməsə, Ukraynaya dəstəyin artırılması prosesi başlayacaq”.
Xəyal Bəşirov əlavə edib ki, biz bilirik ki, Ukraynaya hər hansı dəstəyin göstərilməsi, silahın verilməsi, maliyyə dəstəyinin artırılması bir günə və ya bir həftəyə başa gələn məsələ deyil:
“Bunun üçün həftələrlə, bəzi hallarda isə aylarla zaman tələb olunur. Düşünürəm ki, məhz bu səbəbdən həmin zaman kəsiyi seçilib.Əgər Rusiyanın hərəkətlərində dəyişiklik hiss olunmasa, ABŞ bu müddətdən istifadə edərək Rusiyanı güzəştə getməyə yox, danışıqlara məcbur etməyə çalışacaq. Avropanın məqsədi isə tamamilə fərqlidir. Avropa bu fürsətdən istifadə edib mümkün qədər Ukraynanı gücləndirmək və Rusiyanı zəiflətmək istəyir. Çünki Avropa çox yaxşı başa düşür ki, ABŞ o tərəfdədir və Rusiya nə qədər güclənərsə, Ukraynanın ərazilərini nəzarətə götürərsə, Avropa üçün həm coğrafi məsafə baxımından yaxınlaşacaq, həm də güc balansı baxımından təhlükə yaradacaq. Bu da Avropanın əsas narahatlıq məqamıdır.
ABŞ-nin məqsədləri isə fərqlidir. Onlar sadəcə Ukrayna mövzusunu indiki mərhələdə dondurmaq və diqqəti dünya üzrə özləri üçün prioritet təşkil edən digər məsələlərə yönəltmək niyyətindədir. Amma zaman keçdikcə hansı istiqamətdə proseslərin inkişaf edəcəyini müşahidə edəcəyik”.
Mahmudlu Ləman