İsrail və Suriya Bakıda danışıqlar aparacaq

Tarix: 22:36 15.07.2025
İsrail və Suriya arasında davam edən gərgin münasibətlərdə yeni mərhələ başlaya bilər. Məlumata görə, iki ölkə nümayəndələri Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar masasına əyləşməyə hazırlaşır. Bu görüş regional sabitlik və diplomatik vasitəçilik baxımından xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva "İnformator.az"a açıqlamasında bildirib ki, İsrail və Suriya arasında Bakı şəhərində danışıqların keçirilməsi barədə yayılan məlumatlar regionda diplomatik dinamikanın dəyişməkdə olduğunu göstərir:
"Bu danışıqların məhz Bakıda planlaşdırılması təsadüfi deyil. Azərbaycan həm Yaxın Şərqdə müxtəlif güclərlə tarazlaşdırılmış münasibətlərə sahibdir, həm də son illər regiondakı diplomatik vasitəçilik bacarığını nümayiş etdirən neytral və etibarlı tərəf kimi qəbul edilir. Bakı bir tərəfdən İsraillə strateji əməkdaşlıq münasibətlərinə malikdir, digər tərəfdən də Suriya ilə suverenlik və ərazi bütövlüyü məsələlərində dəstək bəyan etmiş ölkə kimi çıxış edir. Bu balanslaşdırılmış mövqe Azərbaycanı tərəflər üçün məqbul dialoq platformasına çevirir. İsrail və Suriya arasındakı münasibətlər uzun illərdir ki, Golan təpələri, İranın Suriyadakı mövcudluğu və qarşılıqlı hərbi toqquşmalar səbəbilə gərgin olub".
Politoloq həmçinin əlavə edib ki, hər iki tərəf arasında diplomatik əlaqələrin olmaması, aralarındakı inamsızlıq və regional geosiyasi oyunçuların təsiri də bu münasibətlərin normallaşmasına əngəl törədib:
"Bakıdakı danışıqlar bu maneələrin aradan qaldırılması üçün ilk real addım ola bilər, çünki tərəflərin birbaşa deyil, neytral bir müstəvidə ünsiyyət qurması mümkün olacaq. Azərbaycan öz vasitəçiliyi ilə texniki və təhlükəsizlik baxımından tərəflərə etibarlı şərait təqdim edə bilər.Bu təşəbbüs Azərbaycanın beynəlxalq imicinə əhəmiyyətli müsbət təsir göstərə bilər. Qlobal və regional münaqişələrin həllində körpü rolunu oynamaq ölkənin diplomatik nüfuzunu artırır və onu beynəlxalq vasitəçilik arenasında daha görünən edir. Əgər Bakıdakı bu görüş nəticə verərsə, Azərbaycan gələcəkdə digər münaqişə bölgələri üçün də diplomatik platforma kimi nəzərdən keçirilə bilər. Bu isə ölkənin xarici siyasətində çoxvektorlu və konstruktiv rolunu daha da gücləndirəcək".
Fatimə Heydərova