Apellyasiya Şikayətlərinin Ödənişli Edilməsi Təklifi Müzakirə Olunur

Tarix: 21:20 16.07.2025
Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib ki, gələn ildən abituriyentlərin apellyasiya şikayətlərinə baxılması ödənişli ola bilər. Onun sözlərinə görə, əsaslandırılmamış şikayətlərə baxılmayacaq və bu sahədə resurs itkisini azaltmaq məqsədilə qaydalar sərtləşdiriləcək. Yeni mexanizmlər Müşahidə Şurasına təqdim olunaraq təsdiq ediləcək.
Bu mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov bildirib ki, apellyasiya prosesinin ödənişli olması imtahanların ədalətli və şəffaf keçirilməsi prinsipinə zidd olaraq, sosial ədalətə ciddi zərbə vurmaq təhlükəsi daşıya bilər:
"Bu qərar təkcə texniki bir yenilik deyil, eyni zamanda vətəndaşların təhsil hüququna, xüsusilə də aşağı sosial təbəqələrə mənsub ailələrin uşaqlarına qarşı fərqli münasibətin tətbiqi kimi qiymətləndirilə bilər.
Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə əsasən, hər bir vətəndaşın təhsil almaq hüququ var və bu hüquq imtahan nəticələrinin düzgün qiymətləndirilməsi ilə birbaşa bağlıdır. Həmin maddədə bu hüququn reallaşması üçün hüquqi müdafiə mexanizmləri – o cümlədən apellyasiya – fundamental element hesab olunur. Apellyasiyanın ödənişli edilməsi isə bu hüququn sosial-iqtisadi vəziyyətdən asılı hala gəlməsinə səbəb olar.
2024-cü ildə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında ümumilikdə 16 minə yaxın apellyasiya müraciəti daxil olub və bu müraciətlərin yalnız 12%-i qismən və ya tam şəkildə təmin edilib. Belə bir kontekstdə apellyasiyanın ödənişli olması ictimai narazılığı daha da artıracaq, imtahanların legitimliyinə və DİM-in etibarına zərbə vuracaq.
Apellyasiya şikayətlərinə baxılması texniki resurslar, vaxt və insan resursları tələb edir. Lakin bu problemi həll etmək üçün ödənişli model yeganə çıxış yolu deyil. Dünyanın bir çox ölkəsində alternativ və daha ədalətli mexanizmlər mövcuddur".
Ekspertin sözlərinə görə, məsələn, İngiltərədə “Ofqual”ın nəzarət etdiyi imtahan sistemlərində şikayətlər əvvəlcə elektron sistem vasitəsilə avtomatik analiz edilir və yalnız konkret texniki və ya obyektiv əsas varsa, insan tərəfindən təkrar qiymətləndirməyə göndərilir:
"Finlandiyada isə şikayət edən tələbəyə əvvəlcə imtahanın rəsmi cavab açarları, qiymətləndirmə meyarları və fərdi nəticəsi təqdim olunur, sonra isə həmin sənədlərlə tanış olduqdan sonra formal müraciət etmək imkanı yaradılır. Bu, həm resurs itkisini azaldır, həm də şəffaflığı təmin edir.
DİM-in apellyasiyaları azaltmaq məqsədilə sistemli alternativlər işləməsi daha faydalı olardı. Məsələn, iştirakçıya imtahandan sonra avtomatik şəkildə ətraflı rəy göndərilə bilərdi – hansı suala niyə səhv cavab verdiyi, hansı meyara görə bal hesablandığı barədə fərdi hesabatla. Belə şəffaf mexanizm olduğu halda apellyasiya sayı da azalardı. Eyni zamanda ilkin mərhələdə elektron sistemlə “filtrləmə” tətbiq etmək mümkündür: yalnız obyektiv əsaslı, texniki səhv ehtimalı olan müraciətlər insan tərəfindən qiymətləndirilə bilər".
Ekspert onu da bildirib ki, maddi ödəniş mexanizmi bu şəraitdə çox təhlükəli presedent yaradır:
"Vətəndaş öz nəticəsini yalnız pul ödədiyi təqdirdə mübahisələndirə bilər. Bu isə həm sosial bərabərliyi, həm də imtahanın hüquqi nəticələrinin legitimliyini şübhə altına alır. Xüsusilə aztəminatlı ailələrdən gələn abituriyentlər bu hüquqdan istifadə edə bilməyəcək və nəticədə onların təhsil taleyi ödəniş edə bilib-bilməmələrinə görə müəyyənləşəcək. Belə bir sistem nə hüquqa, nə etikaya, nə də təhsilin sosial funksiyasına uyğun deyil".
Nigar Həsənzadə

İyulun 18-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində yerli QHT-lərin BMT-nin İqtisadi və Sosial şurasında (ECOSOC) təmsil olunmaları ilə bağlı ilk təlim keçirilib.