İnsanlarda affekt vəziyyəti

Bölmə: Sosial › ,
Tarix: 20:23 18.07.2025

Psixologiyada affekt vəziyyəti insanın ani və güclü emosional partlayış halıdır. Bu vəziyyət zamanı şəxs öz davranışına tam nəzarət edə bilməz, şüurlu qərarvermə zəifləyir. Affekt halı adətən qəzəb, qorxu və ya kəskin stress nəticəsində yaranır və cinayət psixologiyasında da önəmli yer tutur.

 

Mövzu ilə bağlı klinik psixoloq Gülşən Rüstəmova "İnformator.az"a açıqlamasında bildirib ki, affekt vəziyyəti qısa müddətə baş verir, amma güclü, coşqulu baş verən bir prosesdir:

 

"Bu vəziyyətə proses deyirik, çünki bu insanın fiziologiyasında bilinir. Bədəni sanki donub qalır, intellektual səviyyəsi aşağı düşür, adekvat qərar qəbul edə bilmir. Güclü, şiddətli, emosional bir vəziyyətdir. Psixoloji fonda yaranır, amma nəticə fizioloji olaraq gözə görünür. Affekt vəziyyətində olan insan özünü idarə edə bilmir, nə səs tonunu, nə baxışını, nə hərəkətlərini kontrol edə bilir. Yəni affekt vəziyyəti çox təhlükəli bir haldır və ən kritik anların yaşanmasına səbəb olur".

 

Klinik psixoloq həmçinin qeyd edib ki, bir insan olaraq hər birimizin özünəməxsus temperamentimiz var:

 

"Bizim psixoloji durumumuz, ümumi fon, yaşımız, fiziologiyamız, qidalanmamız, hansı işlə məşğul olmamız bu tətikləyicilərdə öz əksini tapır. Hər hansı bir üzüntülü hadisənin baş verməsi hamıya eyni formada təsir göstərmir. Kimi donur, kimi o anda köməyə qaçır, kimi danışa bilmir. Affekt halına düşməyimizə də səbəblər müxtəlif ola bilər. İnsan olaraq bizə hansı prosesin, hansı emosional şiddətin və ya fiziki şiddətin necə təsir etməsi psixoloji fonumuzdan asılıdır.

 

Bu hala düşmə ehtimalı hamıda var. Əlbəttə, bir hadisə baş verməyibsə, ona kor-koranə surətdə hazırlaşmaq və daim bunun qorxusu ilə yaşamaq heç də adekvat bir qərar deyil. Mütləq sinir sistemimizin qidalanmasını nəzarətdə saxlamalıyıq. Əgər sinir sistemimiz doğru-düzgün qidalanırsa, vitaminləri, mineralları düzgün qəbul edirsə, hormonal balansımız doğrudursa, bu, bədənimizdə yarana biləcək affekt halını ya ləngidəcək, ya da ki, qarşısını alma ehtimalı yaradacaq. Ona görə də fizioloji sağlamlığımızın pozulması çox vaxt psixoloji vəziyyətimizin pisləşməsinə səbəb olur. Psixoloji vəziyyətimizin pisləşməsi daha böyük vüsət alaraq, geri dönüş edib fiziologiyamızı darmadağın edə bilər".

 

Billurə Quliyeva



Bölmədən digər xəbərlər
BMT-nin İqtisadi və Sosial şurasına üzvlüklə bağlı təlimlər keçirilir
İyulun 18-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində yerli QHT-lərin BMT-nin İqtisadi və Sosial şurasında (ECOSOC) təmsil olunmaları ilə bağlı ilk təlim keçirilib.