Peşə təhsilində yenilik

Bölmə: Sosial › ,
Tarix: 21:49 21.07.2025

Peşə təhsili müəssisələrindən məzun olan tələbələr Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən təqdim olunan peşə diplomları ilə bərabər, eyni zamanda beynəlxalq sertifikatlar əldə edəcəklər. Beynəlxalq sertifikatların təqdim edilməsi dünya təcrübəsinə əsaslanır. Peşə Təhsili üzrə Dövlət Agentliyinin beynəlxalq şirkətlərlə etdiyi əməkdaşlıq nəticəsində həmin təcrübə ölkəmizdə olan peşə təhsili müəssisələrində tətbiq edilir və həmin məzunlar əldə etdikləri sertifikatlarla həm yerli, həm də beynəlxalq şirkətlərdə iş tapmaq imkanına sahib olacaqlar.

 

Bu mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Vüsət Əzizov bildirib ki, bildiyimiz kimi, ali təhsil alan şəxslərlə peşə təhsili məzunlarının rəqabəti eyni deyil:

 

"Buna görə də düşünürəm ki, artıq peşə təhsili üzrə beynəlxalq sertifikatlar alan şəxslər əmək bazarında ali təhsilli şəxslərlə rəqabətə girə biləcək və onların iş tapma imkanları əvvəlkinə nisbətən daha yüksək olacaqdır.

Peşə Təhsili üzrə Dövlət Agentliyi daim dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq edir və hansı ixtisaslar üzrə əmək bazarında daha çox işçiyə ehtiyac varsa, həmin ixtisaslar üzrə peşə təhsili üzrə daha çox yeni plan yeri ayrılır. Eyni zamanda Dövlət Məşğulluq Agentliyindən də statistik məlumatlar əldə edilir ki, hansı ixtisaslara daha çox tələbat var və hansı ixtisaslar daha çox iş tapma imkanına malikdir. Bu statistik məlumatlar əsasında Peşə Təhsili üzrə Dövlət Agentliyi artıq növbəti il plan yerini təmin edir ki, hansı ixtisaslara daha çox dövlət sifarişi və ödənişli yerlərin ayrılmasını tənzimləyəcək.

Biz əvvəlkilərə nəzər salsaq, görərik ki, kifayət qədər peşə təhsilinə maraq var. Məsələn, 2020-ci ildən indiki dövrə qədər nəzər salsaq, əvvəlki dövrlə müqayisədə peşə təhsilinə maraq 70 % çox artıb. Bu da həmin şəxslərin iş tapmaq imkanlarına kifayət qədər böyük təsir göstərir.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin də kifayət qədər maarifləndirmə işləri regionlarda və Bakıda aparılır. Bunun nəticəsi olaraq artıq peşə təhsilinə cəlb edilən insanların sayı daha çoxdur. Eyni zamanda işğaldan azad olunan ərazilərdə də peşə təhsilinə cəlb edilən şəxslərin sayı getdikcə artır. Füzulidə və Şuşada da peşə təhsili fəaliyyət göstərəcək və Böyük Qayıdış çərçivəsində həmin regionlarda məskunlaşan şəxslər peşə təhsili üzrə təlimlərə cəlb olunaraq, onların da müvafiq ixtisaslar üzrə iş tapmaq imkanları daha geniş olacaq".

 

 

Nigar Həsənzadə