Şuşada peşə təhsili mərkəzi fəaliyyətə başlayacaq

Tarix: 19:50 30.07.2025
2026-cı ildə Şuşa şəhərində peşə təhsili mərkəzi fəaliyyətə başlayacaq.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Murad “İnformator.az”a açıqlamasında bildirib ki, peşə təhsilinə maraq əvvəlki illərə nisbətən son illər abituriyentlərdə və valideynlərdə maraq daha da artıb:
“Bu daha çox təbliğatın düzgün aparılması və peşə məktəblərinə diqqətin artırılması ilə əlaqədardır. Onun üçün də təkcə ictimai vasitələrlə deyil, orta məktəblərdə bununla bağlı seminarların keçirilməsi və təbliğatın aparılması düşünürəm ki, marağı daha da artıracaq. Peşə təhsilini keyfiyyətli başa vuranlar üçün iş imkanı o qədər də əlçatmaz deyil. Bu gün cəmiyyətdə əmək bazarına diqqət etsək, üstünlük işində peşəkar olan keyfiyyətli, yüksək bacarığa sahib olan vakantlara müraciət edilir. Məsələn hər birimiz saçımızı daha yaxşı bərbərin yanında kəsdirməyə çalışırıq və ya hər birimiz avtomobilimiz xarab olduqda axtarıb daha yaxşı usta yanına aparmaq istəyirik və s. Onun üçün də peşə təhsili alan hər bir gənc oxuduğu peşə sahəsində özünü inkişaf etdirməyi bacarmalıdır. Belə olan halda əlbəttə ki, peşə təhsili alan şəxs universitet təhsili alan şəxs qədər cəmiyyət üçün yararlı ola biləcək, hətta universitet təhsili alan adamdan daha yararlı ola bilər”.
Çimnaz Telmanqızı