"İranın regiondakı proksilərini, ballistik raketlərini və nüvə imkanlarını məhv etdik"

Bölmə: Siyasət › ,
Tarix: 20:28 30.07.2025

 

İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib ki, İsrail Livanda Hizbullaha və Qəzzada Həmasa güclü zərbələr endirib.


Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, yaxın keçmişdə İsrail və ABŞ Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə zərbə endirməsi İranın nüvə zənginləşdirmə prosesinə ciddi ziyan vurmuş və bu prosesi ləngitmişdir:

 


"1979-cu ildə İran İslam Respublikasının yaranmasından sonra İran-İsrail və İran-ABŞ münasibətləri kəskin xarakter alıb. Bildiyiniz kimi, həmin il İran İslam Keşikçiləri Korpusu tərəfindən ABŞ-nin İrandakı səfirliyinə hücum olunub və bir çox diplomatlar girov götürülmüşdü. Bundan sonra həm İran-İsrail, həm də İran-ABŞ münasibətləri daha da gərginləşməyə başladı. İran İslam Respublikasının dövlət doktrinasında ABŞ-yə və İsrailə qarşı açıq təhdidlər yer alır və bu təhdidlər həm İsrail, həm də ABŞ tərəfindən ciddi qəbul olunur.ABŞ isə hesab edir ki, İranın nüvə silahına sahib olması həm region ölkələri, həm də ümumilikdə dünya üçün təhlükə yaradır, xüsusilə də İsrail və ABŞ üçün.


Yaxın keçmişdə İsrail və ABŞ Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə zərbə endirməsi İranın nüvə zənginləşdirmə prosesinə ciddi ziyan vurmuş və bu prosesi ləngitmişdir. Hazırda İranla ABŞ arasında nüvə zənginləşdirmə ilə bağlı danışıqlar aparılsa da, tərəflər hələ ortaq məxrəcə gələ bilməyiblər. Əlbəttə ki, İranın proksi qüvvələri Hizbullah, Həmas və Yəmən husiləri İsrail üçün birbaşa təhdid mənbəyidir. Buna görə də İsrail dövləti həm Həmasa, həm Hizbullaha, həm də Yəməndəki husilərə qarşı hərbi əməliyyatlar həyata keçirir.

 

Bu hərbi hücumlar nəticəsində Həmas və Hizbullah rəhbərliyində olan bəzi şəxslər məhv edilmişdir. Digər tərəfdən qeyd etmək lazımdır ki, bu münasibətlərin kəskinləşməsinin əsas səbəbi Fələstin-İsrail münaqişəsidir. İran hesab edir ki, 1967-ci ildə BMT tərəfindən qəbul olunmuş “iki dövlət prinsipi” yəni həm Fələstin, həm də İsrail dövlətinin yaradılması həyata keçirilməlidir. İranın fikrincə, Fələstin dövləti həmin regionda İsrail dövləti ilə yanaşı mövcud olmalıdır. Bu prinsipin qarşısında əsas maneə isə İsrail və ABŞ-dir. Əgər bir dövlətin doktrinasında ABŞ və İsrailin məhv edilməsi kimi müddəalar yer alırsa və həmin dövlət yəni İran həm proksi qüvvələri, həm də öz dövlət siyasəti vasitəsilə bu mövqeni əsas götürürsə, bu, beynəlxalq hüquq normalarına ziddir. Belə bir vəziyyətdə, İsrail və ABŞ-nin bu təhdidlərin qarşısını almaq üçün müəyyən addımlar atması qaçınılmaz olur.Bu da son günlərdə baş verən hadisələrdə özünü göstərdi. ABŞ və İsrail tərəfindən İrana məxsus hərbi rütbəli şəxslərin məhv edilməsi, nüvə proqramında rol oynayan obyektlərin və alimlərin hədəfə alınması buna misal ola bilər. Həm İsrail, həm də ABŞ bu addımların hüquqi əsaslara söykəndiyini bildirirlər".


Səmayə Səftərova