Qaz istehlakı 6 % artıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 18:21 31.07.2025

Bu ilin ikinci rübündə Azərbaycanda ölkə üzrə təbii qazın istehlakı 2 milyard 418 milyon 158 min kubmetr təşkil edib. Bu barədə SOCAR-ın açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərinə istinadən xəbər verilib. Təbii qaz istehlakı ötən ilin müvafiq dövrü ilə müqayisədə 136 milyon 684 min kubmetr və ya 6 % artıb. Qeyd edək ki, 2024-cü ilin ikinci rübündə ölkə ərazisində təbii qaz istehlakı 2 milyard 281 milyon 474 min kubmetr təşkil edib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, ölkədə qaz istehlakının həcminin artmasının səbəbləri, birinci növbədə, qazla təmin olunmayan ərazilərin hər il infrastrukturun genişləndirilməsi hesabına artması ilə bağlıdır:

 

“Azərbaycan ərazisi 100 % qazla təmin olunmayıb. Bu səbəbdən qaz istehlakı çoxalıb. Əvvəllər noyabrdan sonra mənzillərdə qaz sərfiyyatı artıb. İndi isə sərfiyyat noyabr ayının əvvəllərindən başlayıb. Hətta vətəndaşlar may ayında belə qazdan istifadə ediblər. Soyuq havalar bu məsələyə ciddi təsir edib. Sərfiyyat həm iqlim dəyişikliyi, həm də yaşayış məntəqələrinin qazla təchiz edilməsi ilə artıb. Ölkədə istixanaların sayı artıb. Bir neçə il əvvəl istixanaların sayı azaldılıb. Hazırda isə bu istixanaların fəaliyyəti bərpa olunub. Sərfiyyatın artmasının mənfi tərəfləri yoxdur. İstixanalar iqtisadiyyata ciddi töhfə verib. Tərəvəz məhsullarının istehsalı ilə ölkəyə xeyli gəlir gətirilib".

 

Aygün Babayeva