Putin dünyanın ən güclü ordusu ilə yarışmaq istəmir-Uitaker

Tarix: 10:34 06.08.2025
Uitakerin fikrincə, Kreml rəhbəri Putin hazırda dünyanın ən güclü ordusuna sahib olan ABŞ ordusu ilə yarışmaq istəmir.
Mövzu ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ-nin NATO-dakı səfiri Uitaker bildirir ki, münaqişəni dayandırmaq lazımdır və eyni zamanda o Rusiya Prezidentinin ABŞ ilə birbaşa döyüşlərdən çəkindiyini söyləyir:
"Qeyd etmək lazımdır ki, artıq 3cü ildir ki, Ukrayna ilə Rusiya arasında müharibə gedir. Bu müharibənin gedişində biz gördük ki, birbaşa ABŞ NATO-nun timsalında Rusiya ilə qarşı-qarşıya gəlmək istəmir. Eyni halı Rusiya ilə bağlı da qeyd etmək olar. Həqiqətən də müxtəlif reytinqlərdə ABŞ və Rusiya dünyanın ən güclü hərbi gücünə sahib olan dövlətlər kimi göstərilir. ABŞ bu mənada birinci yeri tutur. Hər iki ölkənin kifayət qədər nüvə arsenalı mövcuddur. Rusiya özünün hiper səs raketlərinin inkişaf etdirmək istəyir, yeni müharibə qaydalarını mənimsəməyə çalışır. Ukrayna ilə müharibədə bu istiqamətdə təcrübə əldə etdiyini də Amerikalı mütəxəssislərin özləri, ABŞ-nin ehtiyyatda olan hərbiçiləri vurğulayırlar".
Politoloq həmçinin əlavə edib ki, hər iki ölkə birbaşa hərbi qarşıdurmadan çəkinirlər, çünki hər iki ölkə kifayət qədər güclü nüvə arsenalına sahibdirlər:
"Bu gün dünyadakı geosiyasi vəziyyəti ABŞ ilə Rusiya arasındakı münasibətlərin xarakteri formalaşdırır. Biz görürük ki, ABŞ ilə Rusiya arasında dialoq mühiti artıq mövcuddur və bir neçə gün öncə Rusiyanın Xarici İşlər Naziri də bu təmasların mövcudluğunu və davam etdirilməsində Rusiyanın maraqlı olduğunu qeyd etmişdi. Eyni vəziyyəti biz ABŞ-də də görürük. Məsələn iyun ayında Tramp 2-ci dəfə vurğuladı ki, Rusiya-Ukrayna məsələsi ilə məşğul olmaqdan uzaqlaşır. Buna rəğmən bilirik ki, Trampın xüsusi nümayəndəsi növbəti dəfə Rusiya Prezidenti ilə danışıqlar üçün Moskvaya getməyi planlaşdırır. Tərəflərdən də heç biri birbaşa qarşıdurma vəziyyətinə gəlmək istəmir. Rusiya-Ukrayna müharibəsində birbaşa olmasa da, bilavasitə ABŞ-nin iştirakı mövcuddur. Donald Tramp bir neçə gün öncə açıq mətnlə bildirdi ki, bu müharibə Trampın deyil, Co Baydenin müharibəsidir. Hesab edirəm ki, Rusiya ilə ABŞ bundan sonra da çox ehtiyyatla davranacaqlar. Əgər nüvə müharibəsi olarsa, bu planetar səviyyədə çox böyük fəlakətlərə səbəb ola bilər".
Fatimə Heydərova