ODLU BİR YOL KEÇƏN “ODLAR YURDU”

Tarix: 11:28 10.08.2025
Bütövlükdə millətin mənafeyini, istək və arzularını ifadə edən ideyalar sistemi kimi milli ideologiyanın yaranması obyektiv tarixi hadisə olaraq ilk növbədə milli azadlıq hərəkatı ilə bağlıdır. Heç şübhəsiz ki, bu milli ideologiyanın yaranması, formalaşması və onun ideoloji konsepsiya kimi hazırlanmasında milli mətbuatın rolu böyükdür, danılmazdır.
Azərbaycanda milli ideoloji konsepsiyasının hazırlanmasında və
təbliğində 1918-20-ci illər milli mətbuatımızın özünəməxsus rolu oldu. Bu illər ərzində milli mətbuatımızda çap olunan müxtəlif mövzulu materiallar bir daha sübut etdi ki, 1918-20-ci illər xalqımızın mədəni həyatında xüsusi bir mərhələdir və bu mərhələdə milli ruhlu mətbuatın yeri danılmazdır və həm keyfiyyət, həm kəmiyyət baxımından dəyişilən mətbuatımız Azərbaycanın canlı salnaməçisinə çevrilib…
1988-90-cı illərdə də belə oldu. Xalq bir daha öz tarixinə, azadlığına qovuşmaq üçün mübarizəyə qalxdı. Bu zaman Azərbaycan Xalq Cümhuriyyətinin mətbuatı 1918-20-ci illərlə 1988-90-cı illər arasında bir mənəvi körpü yaratdı. Məhz elə 1988-90-cı illər də başlanan milli azadlıq uğrunda mübarizənin başında bilavasitə 1918- 20-ci illərdə olduğu kimi milli ruhlu mətbuat durdu. 20-ci yüzilliyin əvvəllərində fəaliyyətdə olan “Azərbaycan”, “İstiqlal”, “Qurtuluş” və “Bəsirət”in yolunu 20-ci yüzilliyin sonunda davam etdirən “Səhər”, “Meydan”, “Azərbaycan”, “Azadlıq”, “Odlar yurdu” qəzetləri nəşrə başladı. Əlbəttə qəliblənən sovet mətbuatından milli demokratik mətbuata keçid çox böyük çətinliklər bahasına başa gəldi. Lakin xalqın millətpərəst oğulları bu çətinlikləri qanı, canı bahasına dəf edərək qələmi və kəlamı ilə mübarizəyə qalxdılar.
Bu mübarizədə hadisələrin çox gərgin, ziddiyyətli bir vaxtında nəşrə başlayan “Odlar yurdu”nun payı daha çoxdur desək məncə heçdə yanılmarıq. Çünki məhz sovet mətbuatı tarixində ilk dəfə olaraq illərlə yasaq edilən, tənqidə, təhqirə məruz qalan Azərbaycan Xalq Cümhuriyyətinin varlığından bəhs edən ilk qəzet “Odlar yurdu” oldu.
Azərbaycan xalqının əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq, suveren dövlətçilik arzusunun gerçək ifadəsi olan və ömrü cəmi 23 ay çəkən Azərbaycan Xalq Cümhuriyyətinin liderləri, atributları haqqında ilk dəfə olaraq Azərbaycan oxucusuna həqiqətləri məhz bu qəzet bəyan etdi. O zaman ki, saysız-hesabsız, günahsız qanlara bais olan Sovet hökumətinin qılıncı Azərbaycanda hələ də qanlar tökürdü. Mərkəzi Komitənin vətənpərvərlikdən və millətsevərlikdən çox-çox uzaq olan, Moskvanın drijorluğu ilə ona nökərçiliyi xalqına xidmətdən üstün tutan, öz ana dilini belə bilməyən, ruspərəst, vəzifə düşgünü olan Azərbaycan rəhbərliyi hələ də öz çirkin əməllərini həyata keçirmək üçün ən alçaq işlərə belə əl atırdı. Məhz belə bir vaxt da dövrün tanınan yazarı Elçin Əfəndiyev Xaricdə Yaşayan həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti -“Vətən” Cəmiyyətini yaradaraq onun orqanı olan “Odlar yurdu” qəzetinin nəşrinə nail oldu. Yeri gəlmişkən qeyd edim ki, “Vətən” Cəmiyyəti Sovet dövründə yarandı və fəaliyyəti xariclə, diasporla bağlı olduğu üçün Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən çox ciddi nəzarətə götürüldü. Amma artıq gec idi. Zaman öz işini görmüşdü. Xalq öz azadlığı uğrunda canını belə fəda edirdi.
Belə olduqda DTK həmişəki kimi böhtanlara, təxribatlara, şayiələrə əl atdı. Xalqı öz-özünə düşmən etmək, üz-üzə qoymaq üçün Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin elə azərbaycanlı “baş bilən”lərinin əli ilə riyakarlıq siyasəti işə düşdü. Həbslər, işdən qovulmalar, böhtanlar... Lakin əbəs yerə. Mübarizəni yarımçıq qoymaq haqqında fikirləşmək belə heç kimin yadına düşmürdü.
Bu zaman Elçin Əfəndiyev qəzetin kollektivini daha da cəsarətli olmağa çağırırdı: “Bilirəm ki, senzura var. Dövlət Təhlükəsizlik Komitəsi nəzarət edir. Lakin dövr dəyərlərimizin doğru, düzgün qiymətləndirilməsini tələb edir”.
Bu çağırışdan sonra qəzet oxucularına üz tutaraq yazırdı: “Əvvəlki nömrələrimizdən fərqli olaraq indi qəzetimizin səhifələrində dilimiz,tariximiz, keçmişimizlə bağlı yazılara, milli mədəniyyətimizdən bəhs edən materiallara daha geniş yer veriləcək”. Məhz belə bir çətin şəraitdə “Odlar yurdu” “qanlı köynəyini əyninə geyib” tarixi bir missiyanı yerinə yetirməyə başladı ki, təkcə “Vətən” Cəmiyyətinin yox, bütün cəmiyyətin orqanı oldu. Bir zaman qəzetin müxbiri, məsul katibi və redaktor müavini olan, filologiya elmləri doktoru Abid Tahirli bu haqda illər sonra yazır ki: “...Həqiqət və ədalət naminə deməliyəm ki, bu qəzet yalnız “Vətən” Cəmiyyətinin yox, geniş mənada bütün cəmiyyətin orqanı idi, təvəzökarlıqdan kənara çıxsam da, qeyd etməliyəm ki, bəzən adama elə gəlirdi ki, cəmiyyət bu qəzetlə nəfəs alır”.
Deməli, çox yaxın amma eyni zamanda çox şərəfli bir tariximizin, yenidən müstəqilliyimizin bərpasında mühüm rol oynayan “Odlar yurdu” qəzetinin tarixi missiyası haqqında danışmamaq ədalətsizlik olardı. Hər şeydən əvvəl ona görə ki, milli azadlığımız uğrunda mübarizəyə qalxdığımız bir zamanda, Azərbaycan informasiya blokadasında boğulduğu anda “Odlar yurdu” üç əlifba ilə çıxaraq “Vətən” cəmiyyətinin xəttilə bütün dünyaya yayılaraq Azərbaycan həqiqətlərini bəyan edən yeganə mətbuat orqanı idi. Elə Qanlı Yanvar faciəsini də dünyaya bəyan edən “Odlar yurdu” oldu.
Belə ki, Türkiyənin mətbuat orqanları “Vətən” Cəmiyyətində yerləşdirilən telekslə hadisə başlanan gündən müntəzəm məlumatla təmin olunaraq, ölkəmizdə baş verən hadisələr barədə obyektiv informasiya ötürürdü. Odur ki, tezliklə azadlığımız uğrunda mübarizəmizin tarixini yazan bu qəzetin tirajı 250 min nüsxəyə çatan, oxucularının sayı milyonları ötmüşdü.
Beləliklə, Azərbaycanda və xaricdə milyonlarla oxucusu olan “Odlar yurdu” ilk mətbu orqanı kimi 1918-ci il ilə, 1988-ci il arasında bir mənəvi körpü yaradaraq, xalqın milli şüurunun dirçəldilməsi, oyanması üçün misilsiz xidmət göstərdi. Qəzetdə “Bu barədə ilk dəfə” rubrikası altında Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məhəmməd Əmin Rəsulzadə və onun amal dostları haqqında yazılar çap edilməyə başladı.SSRİ kimi bir dövlətin varlığı zamanı Azərbaycan Xalq Cümhuriyyətinin liderinin, dövlət atributlarının adlarının fəxrlə çəkilməsi elə azadlığımızın, müstəqilliyimizin təbliği demək deyildimi? Qəzet tariximizin bu şərəfli, lakin qaranlıq səhifələrini daha gur işıqlandırmaqla xalqını azadlığına, müstəqilliyinə səfərbər etmirdimi?!”
Güclü təxəyyülə, diqqətçəkən fəhmə malik olan sevimli yazıçımız Sabir Rüstəmxanlı hələ o vaxt “Odlar yurdu”nu Azərbaycanın
“müstəqil mətbuatının qaranquşu” adlandırmaqda nə qədər haqlı imiş. Milli şüurun, milli təfəkkürün dirçəldilməsində, milli hərəkatın meydana gəlməsində “Odlar yurdu” Həsən bəyin, Mirzə Cəlilin, Əli bəyin və Məhəmməd Əminin şərəfli yolunun layiqli davamçısı olmaqla mətbuat tariximizdə iz qoydu. Qəzetin bu mövzuda olan yazıları verməkdə məqsədi bir tərəfdən illərlə təhrif edilən, qərəzli yanaşılan tariximizin bərpası, haqqı tapdanan şəxslərin bəraəti idisə, digər tərəfdən də milli heysiyyətin, milli mənlik hissinin, milli şüurun dirçəldilməsinə bir təkan idi. Çünki qəzetin ən başlıca vəzifəsi milli duyğu, düşüncə və şüura təsir edə biləcək, onu hərəkətə gətirə biləcək hər bir vasitəyə əl atmaq idi.
1988-ci ilin sonu, 89-cu ilin əvvəlləri Dağlıq Qarabağ mövzusu “Odlar yurdu” nun aparıcı mövzularından birincisinə çevrilmişdi. Məhz belə bir zamanda qəzet həm xarici mətbuat agentlikləri, həm də Avropa ölkələrindəki Azərbaycan mədəniyyət mərkəzlərinə Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr barədə obyektiv informasiyalar ötürməyə başladı.
“Dağlıq Qarabağın tarixi və ona aid sənədlər”, “Milli tərkib”, “Cəhd çarıq yırtar”, “Dünənimizə bir səyahət”, “Tarix təkrar olur” kimi yazılarda Qarabağın tarixi, mənfur qonşularımızın çirkin niyyətləri, mərkəzin-Moskvanın məkirli, ikiüzlü, ermənipərəst siyasəti faş edilirdi. Digər mətbu orqanlarından fərqli olaraq “Odlar yurdu” çox haqlı və birmənalı olaraq oxucusuna təlğin edirdi ki, illərlə Azərbaycan xalqına edilən bu haqsızlığın başında yalnız və yalnız mərkəz Moskvavə onun Bakıdakı əlaltıları durur. Azadlığı uğrunda çarpışan bir xalqı məhv etmək, manqurtlaşdırmaq, kölə etmək-budur məkirli, murdar niyyətləri. Qəzet isə hər hansı bir mövzuya müraciət etsə də, sonunu bu məzmunda birləşdirərək xalqı səfərbərliyə səsləyirdi və sonda buna nail də oldu. Bu sətirləri yazarkən şair Dilsuzun “Odlar yurdu”nun cəmiyyətdəki rolu və yeri haqqında söylədiklərini xatırladım: “Odlar yurdu” qəzeti təxminən yüz illik bir zaman təbəqəsinin altında qalan, şüurlu və planlı şəkildə məhv edilən, dünyanın dörd bir səmtinə səpələnən Azərbaycan tarixini, mədəniyyətini, onu yaradan qüdrətli şəxsiyyətlərin ideya və məfkurələrini, eyni zamanda, acı talelərini bir-bir tapıb üzə çıxarırdı”.
Cəmiyyətin sədri Elçin Əfəndiyev qəzetin ətrafına gənc və eyni zamanda istedadlı yazarları toplamışdı. Qəzetə müxtəlif illərdə Ramiz Əsgər, Vaqif Bəhmənli, Rafiq Hacıyev kimi qələm əhli redaktorluq edib. Onlar çalışırdılar ki, qəzetin hər sayı xalq arasında böyük mənəvi qida və ilham mənbəyinə çevrilsin. “Odlar yurdu” çap olunarkən BDU-nun Jurnalistika fakültəsinin axırıncı kursunda oxuyurdum. Bu qəzetin Azadlıq meydanında əldən- ələ gəzdiyini, oxumaq üçün növbə gözləyənlərin olduğunu dəfələrlə gördüm...
Bu gün kitabxanada oturub qəzetin o illərdə çap olunan saylarını gözdən keçirərkən o günləri xatırladım. O günləri ki xalq azadlığına, istiqlalına qovuşmaq vətənini, torpağını qorumaq üçün canından, qanından keçməyə belə hazır idi. Və bu yolda onları gözləyən faciələr, təhlükələr, itkilər belə durdurmadı. Bu misilsiz mübarizədə xalqın ən böyük dəstəyi olan mətbuatın, o cümlədən odlu bir yol keçən “Odlar yurdu”nun da əvəzsiz rolunu sezdim!
Əməkdar jurnalist Qərənfil Dünyaminqızı