“Qarabağ”dan mərhələ gözləntisi

Bölmə: İdman › ,
Tarix: 17:09 12.08.2025

"Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa bu gün çıxacaq.

 

Mövzu ilə bağlı idman jurnalisti Orxan Sübhan "İnformator.az"a bildirib ki, "Şkendiya" , FCSB-ni hər iki oyunda məğlub edəndən sonra gözümüz qorxub:

 

"Biz ÇL-nın 2-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi FCSB olacaq düşünürdük. Ancaq rəqib "Şkendiya" oldu, o qədər də zəif rəqib deyil. "Qarabağ" Şimali Makedoniyada nümayiş etdirdi ki, illərdir Avrokuboklarda əbəs yerə çıxış etmir. Deyərdim ki, Qurban Qurbanovun komandası təcrübənin hesabına səfərdən sərfəli nəticə ilə qayıtdı. Baxmayaraq ki, yeganə qolu penaltidən vurduq, bəzi qol epizodlarını boşa verdik. "Qarabağ" cavab görüşündə həmişə daha yaxşı oynayır. Məşqçilər heyəti rəqibi daha yaxşı analiz edir. Cavab oyununda rahatlıqdan söhbət gedə bilməz. Qurban hoca futbolçularına lazımi tapşırıqları verib. "Səfərdə qələbə qazanmışıq, evdə də rəqibi rahatlıqla məğlub edəcəyik", deyə komandamızın düşərgəsində bir fikir yoxdur. "Qarabağ" yenə çıxıb, ağıllı oynayıb, lazım olan nəticəni qazanacaq. Nəzərə alsaq ki, "Şkendiya"nın baş məşqçisinin dediyi kimi onların itirəcəkləri bir şey yoxdur, axıra qədər oynayacaqlar. Buna baxmayaraq "Qarabağ"ın mərhələ adlayacağını düşünürəm. Komandamıza uğurlar".


Zəhra Həsənova