Rusiya-Ukrayna savaşında ABŞ-ın mövqeyi əslində nədir?

Bölmə: Araşdırma › ,
Tarix: 18:21 23.06.2023

Rusiyanın “Kalibr” və “İsgəndər” kimi raketlərində xaricdən gətirilən mikrosxemlər, prosessorlar və digər elementlər aşkarlanıb.

 

İnformator.az xəbər verir ki, ümumilikdə, Moskvanın Avropa, Asiya və Yaxın Şərqdəki 155 şirkətdən texnologiya komponenti aldığına dair məlumatlar var. Rusiyanın idxal etdiyi kritik silah komponentlərinin 60%-dən çoxu isə ABŞ şirkətlərindən gəlir. Ukraynaya silah verərək, Zelenski hökumətinin yanında olduğunu göstərən Ağ Evin paralel olaraq Moskvaya da yardım etməsi isə xeyli maraq doğurur. Məlum məsələdir ki, Vaşinqton bunu birbaşa edə bilməz, bəs Bayden hökuməti tədarükü hansı ad altında həyata keçirir? Ağ Ev müharibənin uzanması ilə nələr qazanır? İnformator.az bu mövzuda araşdırmasını təqdim edir.

 

Rusiya Ukraynaya qarşı müharibə aparmaq üçün qərbdən külli miqdarda texnologiya komponenti alır. Son sutka ərzində xeyli müzakirələrə səbəb olan bu iddianı "Newsweek" jurnalı yayıb. Məqalədə bildirilib ki, 2022-ci ilin mart və dekabr ayları arasında Rusiya 20,3 milyard dollar dəyərində hərbi komponentlər idxal edib ki, bu da 2021-ci illə müqayisədə cəmi 15% azdır. Üstəlik, xəbərdə qeyd olunub ki, Moskvanın idxal etdiyi detalların 66%-i Birləşmiş Ştatlara məxsus şirkətlərdən gəlir. İlk baxışdan, Ukraynada bir-birinə düşmən kəsilən tərəflərlə bağlı ortaya atılan bu iddia real görünmür. Amma digər nüfuzlu nəşrlər də kifayət qədər tutarlı faktlarla çıxış edirlər. Məsələn, Politico-nun məlumatına görə, “Promtexnologiya” və digər rus firması olan “Teis” Amerikanın “Hornady” şirkətindən yüz minlərlə patron alıb. Bu məlumatların necə əldə olunduğuna dair ağıllarda şübhə qala bilərdi ki, bu sualın da cavabı artıq verilib. Belə ki, Rusiya İnternetinə çıxışı olan və beynəlxalq gömrük təsnifat kodlarını bilən hər kəs onlayn qaydada əməliyyatların təfərrüatlarına, yəni idxalçılar, təchizatçılar və malların təsvirinə baxa bilərlər. Vaşinqtondan Moskvaya idxalla bağlı kifayət qədər faktlar olmasına baxmayaraq, bu məsələdə fikirlər müxtəlifdir. İlk versiya bundan ibarətdir ki, əslində, Ağ Ev Kremlə tədarükü dəstəkləmir, hətta bu, onların maraqlarına ziddir. Proses birbaşa həyata keçirilmir, ikili istifadə texnologiyasının böyük hissəsi Çin vasitəsilə ölkəyə daxil olur. Eyni zamanda, Avrasiya İqtisadi Birliyi bu məsələdə əhəmiyyətli rol oynayır. ABŞ isə cərəyan edən hadisələrdən narahat olsa da, bunun qarşısını almaq üçün yetərli mexanizmi yoxdur.

 

Siyasi çərhçi Orxan Nəbiyev bildirib ki, alınan silah Ermənistandan Qazaxıstana, Qazaxıstandan Belarusa, orada da Rusiyaya satılır: “Üçüncü, dördüncü, beşinci şirkətlər vasitəsilə alış-satış olduğundan, izlər itir. ABŞ bunun fərqindədir, amma göz yummur, sadəcə yetərli mexanizmi yoxdur”.

 

Qeyd edək ki, bir digər versiyaya görə isə bu planı Birləşmiş Ştatlar məqsədyönlü şəkildə icra edir, proses ABŞ şirkətləri tərəfindən yürüdülür. Hətta aydın məsələdir ki, açıq-aşkar şəkildə Birləşmiş Ştatlar şirkətlərinin qərbin tətbiq etdiyi Kremlə hərbi texnika detallarını göndərməsi mümkün deyil. Bu məqamda qara bazar meydana çıxır, eləcə də ABŞ kooperativləri tədarükü müxtəlif adlar altında həyata keçirir.

Məsələyə fikir bildirən analitik Mariya Şaqina bildirib ki, Birləşmiş Ştatlarda sanksiyalarının qəsdən pozulmasına görə 1 milyon dollara qədər cərimə, habelə ayrı-ayrı şəxslər üçün 20 ilə qədər həbs cəzası nəzərdə tutulur. Amma şirkətlər rəsmi sənədlərdə ixtisarlara yol verərək hiylə işlədirlər. Məsələn, ov və idmanda istifadə üçün nəzərdə tutulan silahların, eləcə də onların komponentlərinin bazarda satışı sərbəstdir. Rusiyaya ixracda da bu kimi boşluqlardan istifadə edilir. Yəni məqsədyönlü şəkildə ABŞ Rusiyaya ixracı reallaşdırır.

 

Onu da qeyd edək ki, ilk versiya danılmaz həqiqət olsa da, bu, ikinci ssenarinin mümkün olduğunu istisna etmir. Hətta indiyədək Birləşmiş Ştatların bəyanatları ilə addımları arasında xeyli fərqlər olduğunu nəzərə alsaq, bu ehtimal daha da güclənir. Bir müddət əvvəl Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasının 30 demokrat üzvü Prezident Co Baydenə məktub göndərərək onu Ukrayna müharibəsində strategiyasını dəyişməyə və savaşı dayandırmaq üçün birbaşa diplomatiyadan istifadə etməyə çağırmışdı. Amma Bayden Administrasiyası məktubu təsdiqləməmişdi. Üstəlik, Rusiyanın təcavüzündən istifadə edərək NATO daxilində həmrəyliyi artıran və təşkilatda özlərinə aparıcı rol götürən Ağ Ev Ukraynaya ən çox hərbi dəstəyi verir. Kiyev silah vermək isə dialoq qapılarını bağlamaq deməkdir. Bunlar onu göstərir ki, ABŞ müharibəni bitirmək və ya gərginliyi azaltmaq üçün çox da cəhd göstərmir. Hətta bir qədər də keçmişə qayıtsaq görərik ki, sözügedən ölkə müharibənin başlanmasını səbirsizliklə gözləyirdi və hətta bəzən ritorika ilə onu təşviq etdikləri də gözdən qaçmırdı. Bunun səbəbi isə odur ki, Ukraynadakı müharibə Vaşinqtonun müdafiə sənayesi üçün əvəzsiz nemətdir. Bu gün ABŞ Avropadan milyardlarla dollar dəyərində sifariş alır, eləcə də Vaşinqton Mərkəzi və Şərqi Avropa ölkələrinin güman yerinə çevrilib.

Siyasi şərhçi Stefan Voldun fikrinə görə, Ukraynadakı müharibənin bitməsini kimin istəmədiyi sualı tez-tez gündəmə gəlir: “Əslində, bu suala Rusiya davamlı olaraq qərb cavabını verir. Amma müharibənin davam etməsini istəyən cinahı ümumi çərçivədə qərb kimi qələmə vermək doğru yanaşma deyil. Çünki sözügedən bloka daxil olan dövlətlər heç də eyni motivasiyaya malik deyillər. Bu müstəvidə Birləşmiş Ştatlar və qismən Böyük Britaniya önə çıxır. Xüsusilə qeyd etmək lazımdır ki, müharibənin uzun müddət davam etməsi ABŞ iqtisadiyyatına mənfəət gətirir. Çünki onların maliyyə sistemi İkinci Dünya Müharibəsində olduğu kimi yenidən canlanır, eləcə də ABŞ Hərbi Sənaye Kompleksi daha çox sifariş qəbul edir”.

 

Buradan da o nəticə çıxır ki, Ukraynanı qan gölünə çevirən Birləşmiş Ştatlar Rusiyaya hərbi avadanlıq satmaqla və ya satanlara göz yummaqla müharibəni uzadır. Vaşinqton təbii ki, müharibənin gedişatında Kremlin üstünlük qazanmasını istəmir, amma bilir ki, hazırkı addımları ilə bu, onsuz da mümkün deyil. Buna güvənən Vaşinqton hərbi resursları tükənən hər iki tərəfə də müəyyən qədər ehtiyat təmin edir, nəticədə həm Rusiyanı savaş bataqlığında mümkün qədər uzun müddət tutur, həm Avropa İttifaqı ölkələrini Rusiya təhlükəsi ilə öz təsir dairəsində saxlayır, NATO-nun ömrünü uzadır. Bütün bunları edərkən də silah bazarındakı liderliyini möhkəmləndirir, gəlirini artırır. Bu baxımdan, hesab etmək olar ki, Rusiya və Ukrayna müəyyən mənada Ağ Evin strateji maraqlarını təmin etmək üçün savaşır.