Roma statunun ratifikasiyası Rusiya-Ermənistan münasibətlərini dəyişəcək-ARAŞDIRMA

Bölmə: Araşdırma › ,
Tarix: 15:54 23.06.2023

Ermənistan parlamentinin yaxın vaxtlarda Roma statunu ratifikasiya edə biləcəyi məsələsi gündəmə gəlib.

 

İnformator.az xəbər verir ki, Rusiya Prezidenti Vadimir Putinin Ermənistana yolunu bağlayacaq bu qərarın təsdiqlənməsi isə Rusiyada İrəvanın Moskvaya qarşı açıq-aşkar meydan oxuması kimi şərh olunur. Paşinyan hökuməti və Putin Administrasiyası arasındakı münasibətlər kəskinləşərkən, Avropa İttifaqı Ermənistandakı mülki missiyasını genişləndirir. Bu isə qərbin yaranan yeni reallıqdan faydalanaraq Cənubi Qafqazda Moskva əleyhinə yeni cəbhə formalaşdırmasına işarə edir. Bəs Ukrayna ssenarisi reallaşdırılan Ermənistan hansı kursu əsas götürəcək, bundan sonra regionda nələr gözlənilir? İnformator.az məsələni araşdırıb.

 

Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu ratifikasiya üçün Ermənistan parlamentinə göndəriləcək. Bu barədə açıqlama verən ölkənin ədliyyə naziri Qriqor Minasyan prosesin yaxın həftələrdə reallaşacağını vurğulayıb. Amma sözügedən məsələ mübahisəli və ziddiyyətlidir. Çünki ölkə daxilində baş nazir Nikol Paşinyana qarşı çıxan qüvvələr bildirirlər ki, qərarın ratifikasiyası Rusiya ilə onsuz da gərgin olan münasibətlərin daha da pisləşməsinə gətirib çıxaracaq. Ermənistana daxil olacağı təqdirdə, Rusiya Prezidenti Vladimir Putinin həbsini də nəzərdə tutan sənəd iki ölkə arasındakı əlaqələri kökündən pozacaq. Bu məqamda Rusiyanın Xarici İşlər Nazirliyinin İrəvanın sözügedən konvensiyaya qoşulmaq niyyətinin Moskva üçün qəbuledilməzliyini açıqladığını da yada salmaq lazımdır. Eyni zamanda, Ermənistan parlamentinin spikeri Alen Simonyan da ratifikasiya məsələsinə tələsməyin qeyri-məqbulluğunu bildirib. O, bu addımın Rusiyaya münasibətdə yanlış olacağı qənaətindədir. Bunları nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, Ermənistan parlamenti Roma statutunu ratifikasiya edərsə, bu, ölkənin şimala yolunun tamamilə bağlanması ilə nəticələnəcək.

 

Rusiyalı hərbi ekspert İqor Korotçenko hesab edir ki, Ermənistan Rusiyadan əks istiqamətə - qərbə sürüklənən ölkəyə çevrilir: “Bu prosesi də kifayət qədər uğurla həyata keçirir. Çünki əvvəllər Rusiya Ermənistanla bağlı bir sıra səhvlərə yol verib. Moskva illərlə lazımsız, prinsipsiz erməni politoloqlarını yedizdirib. Bu gün İrəvan o qədər qudurub ki, Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırır və Azərbaycan hərbçilərinin öz suveren ərazilərində öz ölkələrinin bayrağını qaldırmasına bir növ etirazını bildirir. Biz bu gün Ermənistanın simasında yeni Ukrayna görürük. Paşinyan qərbin layihəsidir və onun Avropanın təhlükəsizlik strukturlarına inteqrasiyası an məsələsidir. Rusiya da bütün prosesləri yaxından izləyir və ən kritik məqamda qarşılıq verəcək”.

 

Buradan da göründüyü kimi, Roma statutunun qəbulu Kremldə müəyyən mənada “qırmızı xətti”nin keçilməsi effekti yaradacaq. Bunu Ermənistan hakimiyyəti də yaxşı dərk edir. Ölkə onsuz da son illərdə qərbyönümlü siyasət izləyir. Əhali arasında Rusiyaya nifrət edənlərin sayında ciddi artım müşahidə olunur. Son statistikaya görə, 2021-ci ildə 38% olan bu göstərici ötən il 60%-ə yüksəlib. Son dövrlər Paşinyan iqtidarı da açıq şəkildə Rusiyaya qarşı çıxır. Paşinyan faktiki olaraq Azərbaycan-Ermənistan nizamlamasının Rusiya formatını rədd edir. Baş nazirin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müstəvisindəki anti-Rusiya demarşları da adi hal alıb. Yəni, həm Ermənistan ictimaiyyətində, həm də hakimiyyətində Moskva ilə ziddiyyətlər xeyli artıb. Bunların reallaşması isə qərbin ciddi təminatları ilə mümkün olub. Əks halda iqtisadi baxımdan Rusiyaya bu dərəcədə bağlı olan ölkənin Kremlə tam zidd kurs götürməsi mümkün olmazdı. Bu, Avropanın Paşinyana öz hakimiyyətini qorumaq, eləcə də Ermənistanı qərbləşdirməklə bağlı vədlər verməsinin nəticəsidir. Bunun əvəzində isə qoca qitə Paşinyanı Cənubi Qafqazın qapısını qərbin üzünə açmağa məcbur edir, Ermənistanı NATO-nun regiondakı forpostuna çevirir. Qərbin bunda başlıca məqsədi isə Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhəni açmaqdır.

 

Belə görünür ki, Ermənistanda Rusiya-qərb toqquşması İrəvanı təhlükə altına atmaqla yanaşı, Azərbaycanla Ermənistan sərhədində vəziyyətin gərginləşməsinə də səbəb olur. Çünki hələlik regionda sülhün bərqərar olması tərəflərin maraqlarına xidmət etmir. Hər vasitəçi mövcud gərginlikdən öz mənafeləri naminə sui-istifadə etmək niyyətindədir. Rusiya Cənubi Qafqazda qalmağı, qərb isə şimal qonşumuzu sıxışdırıb bölgədən çıxartmağa çalışır. Cənubi Qafqazda mövqe uğrunda rəqabətin aktiv fazaya keçdiyi bir dövrdə Aİ-nin Ermənistandakı missiyasının heyətini genişləndirdiyinin, 23 vəzifə üzrə işə qəbul elan etdiyinin şahidi oluruq. Sözügedən missiya Ermənistan daxilində yox, Azərbaycanla 100 metrlik məsafədə fəaliyyət göstərdiyi halda, sıralarına yalnız ermənilərin cəlb edilməsi isə qərbin təxribatların artmasında maraqlı olduqlarını nümayiş etdirir.

 

Rusiyalı siyasi şərhçi Sergey Voronin Qərbin Ermənistan-Rusiya münasibətlərində Ukrayna ssenarisini tətbiq etdiyini deyib: “Aİ müşahidəçilərinin hekayəsi də mənə Ukrayna ilə bağlı Minsk razılaşmalarını xatırladır. 8 il ərzində Rusiyanın başını qatdılar. Minsk razılaşmalarının icra olunmasına hazırlıq pərdəsi altında bu gün Donbasda döyüşən milli batalyonları hazırladırlar. Fikrimcə, Ermənistanda baş verənlər də bu təcrübənin yenidən həyata keçirilməsidir”.

 

Beləliklə, Ermənistanlı revanşistlər isə ölkələrində gedən Avropa-Rusiya qarşıdurmasından istifadə edərək təxribatlarla dolu gedişlər edərək sülhü yubadırlar. Cənubi Qafqazda proseslərin bundan sonra necə inkişaf edəcəyinə İrəvan təkbaşına qərar vermək iqtidarında olmadığından, Ermənistan üzərində güc mübarizəsini qazanan tərəfin ideologiyasından asılı olacaq.