Fransada vətəndaş müharibəsi ola bilər? - İğtişaşlar qonşu ölkələrə də yayılıb

Bölmə: Araşdırma › ,
Tarix: 15:50 03.07.2023

"Fransada baş verənlər bu ölkənin prezidenti Emmanuel Makronun yarıtmaz siyasətinin nəticəsidir".

 

Bu fikirləri İNFORMATOR.AZ-a açıqlamasında jurnalist Mübariz Əhmədov Fransada baş verən proseslərdən danışarkən deyib:

 

"Əvvəlcə onu qeyd edim ki, Fransada baş verənlər bu ölkənin prezidenti Emmanuel Makronun yarıtmaz siyasətinin nəticəsidir. Bildiyimiz kimi, Fransada etnik kimliyə, eləcə də dini fərqliliyinə görə ayrı-seçkilik həmişə olub. Makronun apardığı siyasət isə bu problemi daha da qabarıq şəkildə büruzə verir.

 

Biz bunu onun Ermənistana və Xankəndindəki separatçılara olan münasibətində də açıq şəkildə görürük.
Məhz Fransanın Nant şəhərində 17 yaşlı ərəb əsilli Nael adlı yeniyetmənin polisə təslim olmadığına görə soyuqqanlılıqla qətlə yetirilməsi, bu ölkədə qeyri-fransız mənşəli olan xalqlara, xüsusən də ərəblərəc qarşı olan aşağılayıcı münasibətin nəticəsidir".

 

Jurnalist bildirib ki, yeniyetməni öldürən polis əməkdaşı həbs edilsə də, bu hadisə cəmiyyətdə böyük əks-səda yaradıb:

 

"Doğrudur, qətli törədən polis həbs edilsə də, bu olay həm cəmiyyətdə, həm də sosial problemlər fonunda geniş iğtişaşlara səbəb oldu. İğtişaşların digər bölgələrə də yayılması fransızların Makrona olan münasibətinin göstəricisidir. Artıq xalq kütləvi olaraq hakimiyyətə itaətsizlik edir və bu onu sübut edir ki, xalq Makron hakimiyyətini qəbul etmir. Mən düşünmürəm ki, bu hadisə Fransada vətəndaş müharibəsinə səbəb olsun. Sadəcə xalq buna bənzər hadisələrə son qoyulmasını, eyni zamanda hadisəyə ədalətli qiymət verilməsini istəyir.


Ancaq Makron özünü həqiqətən də Avropanın mədəniyyət beşiyi adlanan Fransanın mədəni, demokratik prezidenti hesab edirsə, o, baş vermiş bu hadisədən başqa, həm də digər sahələr üzrə apardığı yarıtmaz siyasətinə görə üzüsulu olaraq istefa versə, bu daha məntiqli olardı".

 

Fatimə Mustafayeva