Rusiya-Ukrayna müharibəsində istifadə olunan kaset bombalar - RİSK BÖYÜKDÜR

Bölmə: Araşdırma › ,
Tarix: 16:29 07.07.2023

Rusiya qüvvələri Ukraynada əhalinin məskunlaşdığı ərazilərdə kaset bombalarından istifadə edir. Buna qarşılıq olaraq ABŞ Ukraynaya göndərəcəyi növbəti hərbi yardım paketində sözügedən qadağan olunmuş silahları da daxil edəcəyini açıqlayıb. Qərar mülkü əhali arasında ölüm sayını artırmaqla yanaşı, NATO-da da ziddiyyətə səbəb ola bilər.

 

"Rusiya qüvvələri Baxmut yaxınlığında ərazi itirir və isteriya içində kimyəvi silahdan istifadə edirlər". Bunu Azov alayının keçmiş komandiri, Ukrayna Silahlı Qüvvələrinin mayoru Maksim Jorin açıqlamasında deyib. Onun sözlərinə görə, yüksəkliklərin bir hissəsi Ukraynanın nəzarətindədir, digər ərazilərdə isə hələ də döyüşlər gedir, lakin düşmən mövqelərini saxlaya bilmir.

 

Rusiyanın döyüş meydanında qadağan olunmuş silahlardan istifadəsinə cavab olaraq Bayden administrasiyası da gözlənilməz şəkildə Ukraynanı kaset sursatlarla təmin etmək qərarına gəlib. Pentaqonun açıqlamasına görə silahlar 800 milyon dollar dəyərində yeni hərbi yardım paketinin tərkibində göndəriləcək.

 

ABŞ müdafiə nazirliyinin mətbuat katibi Patrik Rayder sözügedən qərarın hələ də nəzərdən keçirildiyini bildirib: “Bizim ehtiyatımızda bu sursatların müxtəlif variantları var. Ukraynanı təmin etməyi düşündüyümüz kasetli sursatlara köhnə variantlar daxil edilməyəcək. Bombaların partlamama riski ilə əlaqədar diqqətli şəkildə seçiləcək. Qeyd edim ki, ruslar artıq döyüş meydanında kasetli sursatlardan istifadə edirlər. Əksəriyyətində bombaların partlamama nisbəti yüksəkdir”.

 

Qeyd edək ki, uzun müddətdir Ukraynanın axtardığı kaset bombaları havada açılan, geniş əraziyə yayılan və eyni anda bir neçə hədəfi məhv etmək gücündə olan silahlardır. Sursat Ukraynaya təxminən 300 kilometr məsafədən Rusiya hədəflərini vurmaq imkanı verəcək. Lakin bu silahların mənfi cəhəti ondadır ki, bəzi kasetli sursatlar özündən sonra partlamamış “bombalar” buraxır ki, bu da sonradan mülki əhali arasında ölümlərə səbəb olur. Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, kasetli sursatlar bəzi hallarda 40%-ə qədər partlamama riski daşıyır. Ancaq Pentaqon bildirir ki, Ukraynaya göndəriləcək sursatlar üçün partlamamış hərbi sursatların nisbəti 3%-dən azdır. Buna görə də mülki şəxslər üçün daha az təhlükə ehtimalı var.

 

Vaşinqtonun Ukraynanı kaset bombaları ilə təmin etməsinə NATO müttəfiqlərinin necə reaksiya verəcəyi isə hələlik məlum deyil. Alyansdakı 30 ölkənin üçdə ikisindən çoxu bu sursatların istifadəsini qadağan edən 2010-cu il konvensiyasını imzalayıb. ABŞ, Rusiya və Ukrayna isə konvensiyanı imzalamayan ölkələrdir. ABŞ-ın kaset bombalarından sonuncu dəfə irimiqyaslı istifadəsi 2003-cü ildə İraqa müdaxilə zamanı olub. Həmçinin Əfqanıstana da 1500-dən çox kaset bombası atdığı təxmin edilir.