MƏRHUM PROFESSOR NƏSİR ƏHMƏDLİDƏN YAZARLARA TÖVSİYƏLƏR
Bölmə: Araşdırma › , Maraqlı › ,Tarix: 17:39 15.07.2023
Rus dilinin təsiri ilə formalaşmış yanlışlıqlardan biri də "iribuynuzlu mal-qara" və "xırdabuynuzlu mal-qara" ifadələridir. Rus dilində bu ifadələr belədir: крупный рогатый скот və мелкий рогатый скот. Buradakı крупный (iri) və мелкий (xırda) sifətləri buynuza deyil, скот (mal) isiminə aiddir. Yəni крупный рогатый скот-un həm bədəni iridir, həm də buynuzu var (inək, camış), мелкий рогатый скот-un bədəni balacadır, həm də buynuzu var (qoyun, keçi).
Bizdə isə iri və buynuzlu, xırda və buynuzlu sifətlərini birləşdirərək iri və xırda sözlərini buynuz sözünə aid ediblər:
1. Lənkəran rayonunun dağ kəndi olan və rayon mərkəzindən 20 kilometr aralıda yerləşən Daşdatükdə iribuynuzlu mal-qara arasında kütləvi tələfat faktları müşahidə edilir. Son bir ayda 12 təsərrüfatda 30-dan çox iribuynuzlu mal-qara tələf olub.
2. Hacıkənd qəsəbəsində məskunlaşmış məcburi köçkün ailələri təxminən 1500 baş iribuynuzlu heyvan saxlayır ki, bunun da nəticəsində Hacıkənd meşələri məhv edilir.
3. Tərtərin cəbhə xəttindəki Həsənqaya kəndində ermənilər sakinlərə məxsus mal-qaranı gülləbaran ediblər. Nəticədə sakinlərə məxsus 30 başa qədər xırdabuynuzlu mal-qara tələf olub.
Belə çıxır ki, inəklərin və camışların buynuzları iri, qoyunların və keçilərin buynuzları isə xırda olur. Amma heyvandarlığa bələd olan hər kəs bilir ki, qoyunun (qoçun) və keçinin (təkənin) buynuzları inəklərin (buğaların) və camışların (kəllərin) buynuzlarından yekə olur. Yəqin gənc jurnalistlər bilmirlər ki, el arasında bu heyvan kateqoriyalarının dəqiq adları var: qaramal (inək, camış) və davar (qoyun, keçi).