"ABA TV-nin bağlanması ilə teleməkan itirdi" - Müsahibə

Bölmə: Araşdırma › ,
Tarix: 19:01 19.07.2023

“Əlamətdar günlər” rubrikasının yeni mövzusu bugün - 19 iyulda yaranan, Azərbaycanın ilk interaktiv, rəqəmsal və peyklə yayımlanan müstəqil kanalı ABA TV haqqındadır.


Bu haqda İnformator.az saytının əməkdaşı Məryəm Məmmədova araşdırma aparıb.


Təsisçisi Faiq Zülfüqarov olan ABA TV (Azerbaijan Brodcasting Agency) 1997-ci ildə yayıma başlayıb. 2001-ci ildə fəaliyyətini dayandırmasına baxmayaraq, bu telekanalın özünəməxsus bir izi var və indiki televiziya kanallarından heç də geri qalmırdı.


Hazırkı Dövlət Sosial Müdafiə Fondunun binasından, "RTR" telekanalının tezliyindən yayımlanan əyləncəli kanal əvəllər 18:00-dan, daha sonra isə 17:00-dan 22:00-a qədər izləyicilərini müxtəlif məzmunlu veriliş və proqramlarla təmin edib.


Telekanal 2000-ci ildə ABŞ-da keçirilən prezident seçkilərini canlı yayımlayıb.
Hər axşam xüsusi açılış anonsu ilə başlayan kanal 2001-ci ildən etibarən, gündə 3 deyil, 5 saat yayımlanmağa başlamışdı.


"100%", "Bir cənub şəhərində ", "Kontra" ən çox tanınan verilişləri olub. Fərqli, əyləncəli verilişlərlə televiziyaya yepyeni ruh gətirən ABA TV - nin aparıcıları arasında Azər Axşam, Günel Musəvi, Kamilə Babayeva kimi simalar da var idi.

Bəs kanal fəaliyyətini necə dayandırıb?


16 iyul 2001-ci il tarixində "Medcarting" əyləncə mərkəzində kanalın 4 illik yubileyi keçirilib. Mayda ABŞ-a gedən Faiq Zülfüqarovun həmin mərkəzdə videomüraciəti yayımlanıb. Qeyd edilən videoda Zülfüqarov kanalın fəaliyyətini dayandırdığını açıqlayıb. 2001-ci ilin iyul ayının 17 - sində isə Faiq Zülfüqarov xalqa müraciət edərək kanalı bağladığını açıqlayacaqdı. Lakin hökumət buna icazə vermədi və kanal həmin gün efirə çıxmadı. Növbəti gün jurnalistlərlə danışan Zülfüqarov telekanalın fəaliyyətini dayandırdığını açıqlayıb.


 Bir çox insanın ən sevimli kanalına çevrilən və 4 il fəaliyyət göstərən ABA Peyk TV, BMTİ və Sara TV-dən sonra bağlanan 4-cü Azərbaycan kanalı olub.


Həmçinin əməkdaşımız bu mövzu ilə bağlı  bir zamanlar ABA TV-də redaktor olan, hazırda BDU jurnalistika fakültəsinin müəllimi, "ATV Plus" televiziya operatorunun rəhbəri vəzifələrini icra edən Nəmənd Rüstəmovdan müsahibə alıb.


Müsahibənin əvvəlində Nəmənd bəy ABA TV - nin fəaliyyətinin dayandırmasından sonra bütövlükdə Azərbaycan izləyicisinin itirdiyini, amma ayrı-ayrı özəl TV-lər nələrisə qazandığını qeyd edib: “Baglanandan sonra kimlərsə onun texniki avadanlığına sahib çıxdı. İşsiz qalan ABA əməkdaşları həm Lider TV, ANS, Space, həm AZTV-də. işləməklə onların da inkişafına töhfə verdi. Düzdür, AZTV həm də ABA TV qurucularının baza məktəbi idi. Amma ABA TV rəhbərliyi kollektiv arasında elə bir sağlam əhval-ruhiyyə yaratmışdı ki, hər kəs öz işinin ən yüksək səviyyədə icrasına can atırdı və adətən, buna nail olurdu”.


Onun fikrincə, “Telekanal fəaliyyətinə davam etsə, indi necə olardı?" sualına cavab vermək cəhdi sadəcə reallaşması mümkün olmayan ehtimallar səsləndirməkdən başqa bir şey deyil: “Fakt budur ki, ABA bağlandı və  teleməkanda hər şey indi gördüyümüz kimidir. Şəxsən mənim üçün böyük və unudulmaz məktəb idi. Amma keçmiş barədə proqnoz verməyə çalışsam, ABA qurucuları həmin reklam agentliyi  və TV-nin timsalında məkanımızı qabaqlayan xeyli  böyük iş görmüşdü. Əgər televiziya bağlanmasaydı, daha da böyük işlərin görüləcəyi gözlənilən idi”.

Məryəm Məmmədova