Bu gün - 2 avqust Azərbaycanda Kino Günüdür

Bölmə: Mədəniyyət › ,
Tarix: 20:15 02.08.2023

Əlamətdar günlər" rubrikasının bugünkü mövzusu 2 avqust-Azərbaycan Kino Günüdür.

 

Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Bu barədə Azərbaycan film kinostudiyasının mətbuat katibi Ramil Ələkbərov informator.az saytına danışıb.

 

Bildiyimiz kimi 2023-cü il bir çox yubiley illəri ilə əlamətdardır. Bunlardan biri də Azərbaycan kinosunun 125-ci ilinin tamam olmasıdır. 1898-ci ildə avqust ayının 2-də yerli istehsal olunan ilk kinosüjetlərinin nümayişi və 125 il əvvəl başlayan bu əyləncəli, macəralı, keşməkeşli kino yolu Azərbaycanda da indiyə qədər davam edir. Bu müddətdə bir çox peşəkar, keyfiyyətli filmlər çəkilib və mütəxəssislər yetişib. Azərbaycan kinosunun tarixi, ümumiyyətlə, Azərbaycan incəsənəti və Azərbaycan ziyalılarının bir növ simasıdır. Çünki o dövrdə yaşamış bir çox ziyalılar, yazıçılar, rejissorlar, rəssamlar, bəstəkarlar, aktyorlar və sənətkarlar birbaşa Azərbaycan kinosu ilə əlaqədar olublar. Yəni Azərbaycanda film istehsalı ilə bağlı çalışıblar, ssenarist kimi, aktyor kimi, rejissor kimi, redaktor kimi və bir çox digər mütəxəssislər kimi.

 

Azərbaycan kinostudiyasının tarixi isə 1923-cü ildən başlayır. 1923-cü ildə ilk dövlət kino fabrikinin açılışı olub və o açılışdan etibarən indiyə qədər 100 ildir ki, (bu il də Azərbaycan fil kinostudiyasının 100 ili tamam olur) fəaliyyət göstərir. 1988-ci ilə qədər ölkədə kino istehsalı ilə məşğul olan yeganə qurum kimi fəaliyyət göstərib, daha sonra digər studiyalar-dövlət studiyaları yaranıb, daha sonra isə özəl studiyalar kino istehsalı ilə məşğul olublar. 100 il ərzində Azərbaycan film kinostudiyasında yüzlərlə audiovizual məhsul istehsal olunub. Bunlara təbii ki, tammetrajlı bədii filmlər daxildir. Bu filmlər arasında 300-ə qədər tammetrajlı bədii film var. Həm sovet dövründə istehsal olunmuş, həm də müasir dövrdə-müstəqillikdən sonra istehsal olunmuş filmlər buraya daxildir. Bundan başqa 100-dən çox qısametrajlı bədii film, animasiya filmi, sənədli filmlər var. Təxminən minə yaxın sənədli film var. Bu filmlərə həm portret filmləri, həm də xüsusi idea ilə çəkilmiş digər mövzularda filmlər daxildir.

 

Bundan başqa studiyada filmlərlə yanaşı, kinojurnallar istehsal olunub. Buraya satirik kinojurnal "Mozalan","Azərbaycan ekranı","Sovet Azərbaycanı" adı ilə fəaliyyət göstərmiş, "İncəsənət", "İdman" bu adlı kinojurnallar olub. Bu kinojurnallar ayda 4 dəfə və ya bəzi jurnallar ayda 1 dəfə olmaqla istehsal olunub. Bunlar da adətən informasiya xarakterli olub.


Ölkədə bir televiziya fəaliyyət göstərdiyi üçün tədbirlərin hamısını işıqlandırmaq mümkün olmadığından tədbirlər adətən kinolentlərə çəkilib, daha sonra süjet və kinojurnal şəklində tamaşaçıya təqdim olunurdu. Tammetrajlı filmlərdən əvvəl son baş verən hadisələrlə bağlı kinoteatrlarda qısa kinojurnallar yayımlanırdı. Bu kinojurnalların əksər hissəsi Azərbaycan Film Studiasında, Foto-Kino Arxiv İdarəsində, Dövlət Film Fondunda və digər bu kimi arxivlərdə qorunub saxlanır. Biz Azərbaycan Film Kinostudiasında istehsal olunan filmləri, audiovizual əsərləri artıq 1 ildir ki,aktiv şəkildə fəaliyyət göstərən YouTube rəsmi kanalımızda ( https://youtube.com/@AzerbaijanfilmStudio ) yayımlayırıq. Kanalımızda filmlərlə yanaşı, kino sahəsi ilə bağlı olan digər layihələr də yayımlanır və bundan sonra da yayımlanacaq.

 

Azərbaycan Film Kinostudiasının 100 illiyi ilə bağlı tədbirlər keçirilir. 2 avqust kino günündə yubileylə əlaqədar Nizami Kino Mərkəzində tədbir keçirilir. Bundan başqa 3-10 avqust tarixlərində Azərbaycan Respublikası Kino Agentliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Film Kinostudiası və Cinema Plus kinoteatrlar şəbəkəsinin birgə fəaliyyəti nəticəsində Cinema Plus kinoteatrlar şəbəkəsində klassik Azərbaycan filmlərinin retrospektiv baxışı keçirilir. 1 həftə ərzində tamaşaçılar ödənişsiz şəkildə Cinema Plus kinoteatrlar şəbəkəsində seçilmiş 21 klassik Azərbaycan filmini gəlib böyük ekranda izləyə bilərlər.

 

Təbii ki, il 2 avqustla bitmir, ilin sonuna qədər Azərbaycan Film Kinostudiasının 100, Azərbaycan kinosunun 125 illiyi ilə bağlı müxtəlif tədbirlər həyata keçiriləcək və bildiyimiz kimi Azərbaycan Respublikası Kino Agentliyi qurulma ərəfəsindədir. Keçən il cənab Prezidentin verdiyi sərəncamla ilk addım atılıb və artıq formalaşma prosesi gedir. Yəqin ki, sentyabrdan etibarən agentliyin müstəqil şəkildə fəaliyyəti başlayacaq, bundan sonra agentliyin və nazirliyin elan etdiyi müsabiqə keçiriləcək. Müsabiqənin nəticələri elan olunacaq. Bunlar film istehsalı ilə bağlı müsabiqələrdir və kino mühitinin, kino sektorunun digər problemlərinin həll olunması istiqamətində işlər görüləcək.

 

Azərbaycan kinosu böyük tarixə malikdir. Bu il 125-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.