İXTİSASI BALA GÖRƏ SEÇMƏYİN !-MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

Bölmə: Araşdırma › ,
Tarix: 14:41 14.08.2023

Ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəyən abituriyentlər ixtisas seçimi ərəfəsindədirlər. Artıq 1 gündən sonra, avqustun 16-da ixtisas seçmək hüququ olan abituriyentlər müsabiqə şərtini ödədikləri ixtisas qrupuna, o cümlədən altqrupuna aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilərlər. İnformator.az bu dəfə qəbul imtahanlarında az bal toplayan aituriyentlərin nə etməli olduqlarını araşdırıb.

Sullarımızı 2022-ci ilddə Bakı Biznes Universitetinin Abituriyent Məsləhət Mərkəzində 15-dən artıq uğurlu kodlaşdırma müəllifi, ixtisas seçimi üzrə mütəxəssis Tural Əlizadə cavablandırıb.

         - Aşağı bal toplayan abituriyentlərimizin ixtisas seçimi zamanı şansı nə qədərdir?

- Bu, abituriyentin hansı ixtisas qrupuna sənəd verməsindən asılı olaraq dəyişir. Toplanılan balların statistikası Dövlət İmtahan Mərkəzinin hər il çap etdirdiyi jurnalda əks olunur. Əgər abituriyentlər kodlaşdırma prosesinə analitik, tənqidi şəkildə yanaşsalar və onlara yol göstərən, kodlaşdırmanı edən şəxslər statistikaları doğru şəkildə oxuyub, öncəki illə müqayisə edə bilsələr, qəbul şansı bir o qədər də artır. II və III ixtisas qruplarını müqayisə etsək, III qrup üzrə aşağı bal toplayan abituriyentlərin, əsasən də “Dövlət Sifarişli (DS)” təyinatı üzrə qəbul olmaq şansı daha azdır, nəyinki II qrup üzrə abituriyentlərinin.

- Abituriyent aşağı bal toplasa belə, kodlaşdırma zamanı nə məsləhət görərdiniz?

- Öncə topladığı baldan asılı olmayaraq, bütün abituriyentlərə onu demək istərdim ki, bala əsasən ixtisas seçimi etməsinlər. Onlara həqiqətən maraqlı olan, bacarıqları ilə üst-üstə düşəcək sahələri seçsinlər. Bu prossesi həyata keçirmək üçün özlərinə aşağıdakı sualları verə bilərlər:

  • Mənim bacarıqlarım nələrdir?
  • Hansı fəaliyyətləri yerinə yetirməkdən həzz alıram?
  • Nələri edərkən vaxtın keçdiyini hiss etmirəm?
  • Mənim üçün nələr (fəaliyyət olaraq) maraqlıdır?
  • Uşaqlıqdan bəri ətrafım nələri yaxşı etdiyimi mənə deyir (özünüz də müşahidə edə bilərsiniz)?

 

Növbəti mərhələdə isə uyğun olduğunu düşündükləri ixisasları araşdırmalı, mütəxəsislərdən, o sahədə təcrübəli şəxslərdən, həmin sahəni tədris edən müəllimlərdən məsləhət almalıdırlar. Əmək bazarını araşdırmaq mütləqdir. Ola bilər, elə bir ixtisas seçilsin ki, həm sevilir, həm də bal uyğundur. Amma həmin ixtisası oxuduqdan sonra, ölkəmizdə ona tələb olmayacaqsa, bunun heç bir mənası qalmır.

Az bal toplayan abituriyentlərimiz isə, seçim edərkən daha çox diqqətli olmalıdırlar. Kodlaşdırma prossesini peşəkarlara həvalə etməli, amma prossesdən kənarda qalmamalıdırlar. Əmin olmalıdırlar ki, bu il və öncəki ilə aid statistik məlumatlar detallı şəkildə incələnib. Bu məlumatlara abituriyentlərin bal statistikası, universitetin ixtisas üçün ayırdığı plan yeri (Dövlət Sifarişi və özəl əsasalarla), ixtisasın keçid balı, həmin ixtisasın minimal və maksimal balları daxildir. Cari və öncəki illərin statistikaları analiz olunmalı, real datalara əsasən abituriyentin həmin ixtisasa qəbul faizi ehtimal edilməlidir. Bu prosses baş tutduğu halda, qəbul olmaq ehtimalı artır.

- Azərbaycanda şansı gətirməyənlərin attestatla xaricin istənilən universitetinə üz tutması nə qədər doğrudur? Nəzərə alsaq ki, diplomun tanınmamaq riski də var.

- Burada seçim edilən ölkə, universitet və dərslərdə iştirak çox böyük rol oynayır. Bizim tələbələr əsasən attestatla Türkiyə, Rusiya, Ukrayna kimi ölkələrə üz tuturlar. Təhsillə bağlı diplomların tanınmasını Təhsildə Keyfiyyət və Təminat Agentliyi (TKTA) təmin edir. Burada diplomun tanınmasıyla bağlı bir neçə əsas amil var. Təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə akkreditasiyadan keçməsi, sənədin həqiqi olması, ölkənin kvalifikasiyalar çərçivəsində yeri. Əgər bütün sənədlər qaydasındadırsa, tələbə həqiqi olaraq dərslərdə iştirak edibsə, universitet həmin ölkədə akkreditasiya olunubsa, ekspertizadan müsbət rəy alaraq diplom təsdiqlənir. Burada universitetin akkreditasiyası çox vacibdir. Attestatla bakalavr pilləsi üçün təhsilə müraciət edən abituriyentlər mütləq şəkildə bu məsələni araşdırsınlar. Bunun üçün bir neçə qaynağlara baş vura bilərlər.

  • ENIC-NARIC (Avropa İnformasiya Mərkəzləri-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) şəbəkəsinin rəsmi internet səhifəsinə baxmaq;
  • Təhsil üçün seçilən ölkənin yerli akkreditasiya orqanlarıyla əlaqə saxlamaq;

Həmçinin nəzərdə saxlanmalıdır ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasan distant, əyani-qiyabi (tədrisin müəyyən hissəsinin əyani, qalan hissəsinin qiyabi əsaslarla keçirildiyi təhsil forması), eksternat (fərdi təhsil) formaları ölkəmizdə tanınmır.

 

HƏCƏR ƏMİRASLANLI