Azyaşlılara avtomobil sürməyə icazə ağır fəsadlarla nəticələnə bilər

Tarix: 16:33 22.08.2023
Yaşadığımız mühitdə bəzən canlı, bəzən də internet, sosial media vasitəsi ilə azyaşlı olmasına baxmayaraq, maşın sürən şəxslərlə qarşılaşırıq. Dövlət Yol Polisi məhz bununla əlaqədar olaraq azyaşlılara avtomobil verən şəxslərə xəbərdarlıq edib.
Nəqliyyat eksperti Elməddin Muradlı informator.az-a bu xəbərlə bağlı açıqlama verib. Onun sözlərinə görə, Baş Polis Yol İdarəsi tərəfindən yayılan bu açıqlama təmamilə əsaslıdır və son vaxtlar baş verən hadisələr, yayılan videolara bir növ cavabdır. Ekspert bildirir ki, valideynlər bu müraciətdən bir nəticə çıxarmalıdırlar. Nəqliyyat vasitəsi yüksək təhlükə mənbəyidir və uşaqları təhlükə ilə üz-üzə qoymaq valideynlərin məsuliyyətsizliyidir. Hər bir valideyn avtomobilini nəzarət altında saxlamalı, uşaqdan uzaq tutmalı, açarları uşağa etibar etməməlidir:
"Əsasən, oğlan uşaqlarının avtomobilə sonsuz həvəsi və marağı var. Onlar imkan düşdükcə maşın sürməyə çalışırlar, çünki həvəslidirlər. Ataları da qəlblərini qırmamaq, xətirlərinə dəyməmək üçün maşını onların nəzarətinə verirlər. Bu, tək halda da ola bilir. Bəzən də uşaq maşında valideynin qucağında əyləşərək maşın sürür".
Elməddin Muradlı hazırkı dövrdə bunun doğru olmadığını, valideynlərin məsuliyyətli olması gərəkdiyini deyib:
"İndi artıq o zamanda deyilik, lakin bəzi vətəndaşlar deyirlər ki, dədə-babadan hamımız belə görmüş, belə öyrənmişik. Birincisi, o dövr indiki dövr deyil. Əvvəllər avtomobillərin sayı az idi, yollarda indiki kimi intensivlik yox idi. İnsanlarda məsuliyyət var idi. İndi isə elə deyil. Ona görə də valideynlər məsuliyyətli olmalı, uşaqların şıltaqlığına, özbaşınalığına göz yummamalıdırlar. Bu gün məhlədə sürülən maşınlar sonradan yolda sürülür".
Ekspert bu hadisələrlə çox zaman xüsusi günlərdə qarşılaşdıqlarını, elə buna görə də, xüsusilə əlamətdar günlərdə diqqətli olmaq gərəkdiyini vurğulayıb:
"Təsadüfü deyildir ki, son zəng günlərində çoxlu yol nəqliyyat hadisəsi müşahidə edirik. Orta məktəb şagirdləri 11-ci sinifi bitirir və bu münasibətlə əylənmək istəyirlər. Amma bu istək ağır fəsadlarla nəticələnə bilir. Uşaqları maşın vurur, qəza törədirlər. Yəni valideyn başa düşməlidir ki, uşağın ölümü, xəsarət alması ilə nəticələnə biləcək hadisələr hər an baş verə bilər".
Düzdür, burada da valideynlərin üzərinə məsuliyyət düşür" deyən müsahibim müxtəlif cəzaların mövcud olduğunu və bu hadisələrin qarşısını almaq üçün insanların da reaksiya göstərməli olduğu bildirib:
"Qanunla sürücülük hüququ olmayan şəxslərə nəqliyyat vasitəsini verməyə görə 60 manat cərimə var. Bəlkə də bəzi insanların bundan xəbərləri yoxdur. Belə olan halda valideynlərlə bağlı tədbir görülməlidir. İctimaiyyət də bu kimi məsələlərin üzərinə getməlidir. Qohum-qonşu irad bildirməlidir. Çünki bu təhlükədir və uşaqları təhlükədən uzaq tutmaq lazımdır. Çox təəssüf ki, uşaqlara bu pis vərdişi aşılayırlar və video şəklində çəkib qəhrəmanlıqmış kimi paylaşırlar. Bu da düzgün deyil, cəmiyyətə pis nümunədir".
Mövzu ilə bağlı vətəndaşlar da yaşı çatmasa belə uşaqlara maşın sürməyə icazə verməyin doğru olmadığını deyiblər:
"Əlbəttə, avtomobil idarəsi üçün müvafiq yaş həddinə çatmadan və bu üzrə təlim keçib sürücülük vəsiqəsi almadan icazə verməzdim. Bu, ilk növbədə onun həyatı təhlükəsizliyi üçün vacibdir".
"18 yaşdan sonra sürücülük vəsiqəsini, onsuz da alacaq. Həm özününə, həm də başqasına xəsarət vermədən sürə bilsə, təbii ki, o zaman verərəm".
Qeyd edək ki, yaşı çatmasa belə, uşaqların maşın sürməyə həvəs göstərmələrinə səbəb, həmçinin bir şeyləri bacardıqlarını ətrafa çatdırmağa çalışmaları ilə də bağlı ola bilər. Buna görə də maşın sürmək yerinə onlarla vaxt keçirməyə, əylənməyə çalışın ki, uşaqlıq xatirələrində sizinlə bağlı xoş günlər, gülüşlər olsun.
Məsuliyyətli olaq və öhdəliklərimizi yerinə yetirməyə çalışaq!
Aydan Qasımova