“DİM-in imtahan mexanizmi dəyişməlidir”
Bölmə: Araşdırma › ,Tarix: 12:52 28.08.2023
Son dövrlərdə abituriyentlərlə yanaşı, valideynlər 5 yaşlı uşaqlarıbelə hazırlıqlara, kurslara yazdırırlr. Bu vərdiş halı ilə yanaşı, dəb halına çevrilib. Məktəblər şagirdlər üçün ikinci dərəcəli təhsil ocağına çevrilib. Bu nədən irəli gəlir? İnformator.az bu məsələ ilə bağlı araşdırma edib.
Məktəblərdə dərslər kifayət yaxşı keçirilmir, ya imtahanlar tədris proqramı ilə eyni deyil? İbtidai sinifdən hazırlıqlara gedən 8-ci sinif şagirdi Aysu Muradova özünün və sinif yoldaşlarının mövcud vəziyyətdən narazı olduqlarını deyir: "Məktəblərdə dərslərin saatı çox qısadır, müəllim dərsi soruşub, izah edənə kimi vaxt bitir. Əlavə testlər işləyə bilmirik. Belə olduqda isə dərslər keyfiyyətsiz olur, əgər məktəblərdə vaxt məhdudiyyəti olmasa, keyfiyyətli dərslər keçirilsə, hazırlıqlara üz tutmarıq, hazırlıqlara sərf etdiyimiz vaxtı özümüzün faydalı hobbilərimizə, əlavə məşğuliyyətlərimizə sərf edərik".
“Dərslərin vaxtı çox uzun olsa, dərs keyfiyyətsiz alınar. Şagirdlər fikirlərini dərslərə yönəldə bilməz. Bütün dünyada bu qayda belədir”. Təhsil eksperti Elşən Qafarov belə deyir. Bununla belə ekspert hazırlıq mövzusunun təhsilimiz üçün başucalığı gətirən hal olmadığını da vurğulayır. Onun sözlərinə görə, səbəb dərs müddəti olmasa da, istənilən halda bunu yaradan səbəblər var. “Başlıca səbəb Dövlət İmtahan Mərkəzinin imtahan mexanizimidir. Dövlət İmtahan Mərkəzindən test, vəsait hazırlanma səlahiyyəti alınmalıdır. Dövlət İmtahan Mərkəzi imtahanları keçirən bir quruma çevrilməlidir. Dövlət İmtahan Mərkəzinin imtahan mexanizmi çətindir, valideynlər məcburiyyət qarşısında qalıb uşaqları əlavə hazırlıqlara qoyurlar, amma düşünmürəm ki, bu, dərslərin keyfiyyətsiz olmağından irəli gəlir, çünki çox hallarda hazırlıq keçən müəllim ilə dərs keçən müəllim eyni olur".
Bəs niyə imtahanlara hazırlıq üçün dərsliklərdən əlavə vəsaitlərdən istifadə olunur? Ekspert deyir ki, məktəb dərsliklərinin səviyyəsi ilə DİM-in keçirdiyi imtahanların səviyyəsi üst-üstə düşmür. Buna görə də məcburi şəkildə əlavə vəsaitlərdən istifadə olunur. Ekspert həll yolunu belə görür: "Hazırlıqları aradan qaldırmaq istəyiriksə, DİM-in imtahan mexanizmi dəyişdirilməlidir, eyni zamanda dərslərin keçirilmə peşəkarlığı artırılmalıdır".
ÇİNARƏ MURADOVA