TARİXİN AMANSIZ QƏTLİAMI - BALLIQAYA FACİƏSİNDƏN 31 İL ÖTÜR

Bölmə: Araşdırma › ,
Tarix: 16:25 28.08.2023

   Goranboy rayonunun Ballıqaya kəndində törədilmiş qanlı faciədən 31 ötür. 1992-ci ilin avqustun 28-də törədilmiş qətliam tarixin ən amansız və qanlı cinayətlərindəndir.

   1992-ci il mayın 18-də Laçın rayonu işğal edildikdən sonra rayon sakinləri Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmaq məcburiyyətində qalıb. Qohumluq münasibətləri olan 6 ailə isə heyvandarlıqla məşğul olmaq üçün əlverişli olan Goranboy rayonunun Ballıqaya ərazisində məskunlaşıb. 1992-ci ilin avqustun 28-də, səhər saat 5 radələrində Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi kəndə daxil olaraq alaçıqları xüsusi amansızlıqla, iri çaplı silahlardan və qumbaraatanlardan atəşə tutub. Qətliam nəticəsində aralarında 6 uşaq, o cümlədən 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da olmaqla, 24 azərbaycanlı mülki şəxs vəhşicəsinə qətlə yetirilib. Onların əksəriyyətinin meyitləri yandırılıb. Faciə zamanı 3 azyaşlı uşaq hər iki valideynini itirib. Alaçıqları xüsusi qəddarlıqla atəşə tutan erməni quldur dəstəsinin üzvləri heç kəsin sağ qalmadığını zənn etsələr də, təsadüf nəticəsində ağır bədən xəsarətləri alan 9 nəfər sağ qalıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri olub.

   Siyasi şərhçi Məhəmməd Əsədullazadə deyir ki, Ballıqaya qətliamı Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək məqsədi ilə törədilən silsilə kütləvi qırğın aktlarından biridir. Azərbaycanın haqq səsinin geniş icmaiyyətə çatdırılması məqsədilə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayətin törədilməsində əli olan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. Məhəmməd Əsədullazdənin sözlərinə görə, axtarışlarının təmin edilməsi üçün  sənədlər İnterpolun Azərbaycandakı bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinə göndərilib. “Soyqırımı iştirakçılarının adları məlumdur. Bu müstəvidə biz beynəlxalq tribunala, Haaqa tribunalına şikayət verməklə erməni səhra komandirləri, bu soyqırımı iştirakçıları mütləq cəzalanmalıdır. Necə ki, Srebrenitsa soyqırımının iştirakçıları beynəlxalq Haaqa tribunalına verildi. Biz həmin soyqırımı iştirakçılarının beynəlxalq müstəvidə cəzalandırılmasına nail ola bilərik”.

   Ballıqaya faciəsi timsalında, silsilə cinayətlər törədərək əli dinc sakinlərin qanına bulaşmış Ermənistana hələ də havadarlarının dəstək olması heç nəyi dəyişmir. Nə acı həqiqəti, nə də günahkarların nifrət dolu xislətini ... Bunun əyani sübutunu 2020-ci ilin oktyabrında Bərdə, Tərtər və Gəncə hücuma məruz qaldığında gördük. Mülki əhali və infrastrukturun güllə və bomba yağışına tutulması qərb qonşumuzun əsl simasını bütün çirkinliyi ilə nümayiş etdirdi. Ancaq bu da əzmimizi qıra bilmədi. Ordumuz tarixi torpaqlarımızı azad etməklə faciə qurbanlarının müqəddəs ruhlarını da azadlığa qovuşdurmağa nail oldu.

ZEYNƏB