ÖZƏL MƏKTƏBLƏRDƏ TƏHSİL HAQLARI 3000 - 44000 MANAT ARASINDA DƏYİŞİR

Bölmə: Sosial › ,
Tarix: 11:37 30.08.2023

   Yeni təhsil ilinin başlamasına sayılı günlərin qaldığı bir zamanda sosial şəbəkərlərdə özəl məktəblərin fantasik təhsil haqları müzakirə predmetinə çevrilib. Belə ki, qiymətlər 3 000 - 44 000 manat arasında dəyişir.Tariflər təshilin ibtidai, orta və ya tam olmasından asılı olaraq fərqlənir. Bir neçə məktəbdə isə illik təhsil haqqı standartdır. Yəni, həmin məktəblərdə 1-ci sinifdən 11-ci sinifə qədər qiymət eynidir.

  Liseylərdə illik təhsil haqqları ötən illə müqayisədə 10-20% artıb. Orta aylıq nominal əməkhaqqının 921,9 manat olduğu ölkəmizdə liseylər ibtidai siniflərdə və Azərbaycan bölməsində aşağı, yuxarı siniflərdə, eləcə də xarici bölmələrdə yüksək qiymətlər təklif edirlər. Sosial şəbəkələrdə yer alan məlumatlara əsasən, ən aşağı təhsil haqqı təklif edilən liseydə Azərbaycan bölməsi üzrə ibtidai siniflər üzrə illik təhsil haqqı 7300-7800 manat, 5-11 siniflər üçün 7800-8300 manatdır. İngilis dili bölməsində ibtidai siniflər üzrə bu rəqəm 7950-9700 manat, rus bölməsində 8800 manat təşkil edir. 5-6-cı siniflər üzrə ingilis dili bölməsində təhsilhaqqı 10 min 300 manat, rus bölməsinin 5-11-ci siniflərində isə 9300 manatdır. Məsələnin maraqlı tərəfi isə yüksək təhsil haqqlarına baxmayaraq, liseylərdəki doluluq səviyyəsidir. Bu da valideynlərin liseylərdəki təhsili daha üstüm tutmasından qaynaqlanır.

   Ekspertlər bildirir ki, özəl liseylərdə illik təhsil haqqlarında ötən illərlə müqayisədə 500-2 min manat arasında artım var. Bəzi müəssislər isə əksinə ibtidai siniflər üzrə tariflərdə endirim ediblər. Lakin ümumi olaraq qiymətlərdəki artımda inflyasiyanın rolu önə çəkilir.Tariflərə dərsliklər, geyim, qidalanma dərnək daxildir. Təhsil eksperti İlqar Orucovun sözlərinə görə, nəzərə alınsa ki, özəl məktəblərdə müxtəlif xidmətlər var - şagirdlərin dərsə aparılıb gətirilməsi, yeməyi, müxtəlif dərnəklərin təşkil olunması, hazırlığın orda keçirilməsi və s. qiymətə təsir göstərir. “Amma bütovlükdə Azərbaycanda ən yüksək özəl təhsil müəssisəsi hansıdır, bütövlükdə qiymətlər niyə bu qədər bahadır, izah etsəm əgər, bu, bazarın təklifiylə müəyyənləşir. Görünür ki, onlara maraq var və cəmiyyətdə də eyni zamanda tələbat var”.

   Ölkədəki özəl məktəblərin təhsil haqqı siyasəti Türkiyədəki sistemə daha yaxındır. Ən bahalı özəl məktəbdə illik təhsil haqqı 353 min 537 tl- manat ekvivalentində 22 626 manatdır. Digər qonşularımız Rusiya, Gürcüstan isə Azərbaycanla müqayisədə daha ucuz özəl təhsil siyasəti aparırlar. Belə ki, Rusiyada özəl orta məktəblərdə illik təhsilhaqqı 20-90 min rubl, manat ekvivalentində 362 - 1,629 manatdır. Gürcüstanda ödənişli orta təhsil məktəblərində illik təhsilhaqqı 2500 dollar, manatla ifadədə 4,250 manatdır.

NƏRGİZ