"HƏYATDA UĞUR HEKAYƏLƏRİ QAZANMAQ ÜÇÜN KİFAYƏT QƏDƏR İMKANLAR VAR"

Bölmə: Araşdırma › ,
Tarix: 22:34 31.08.2023

  ”İllərlə repetitorlara pul xərcləmişik”, "Gözümə görünmə, qonşunun uşağına bax ey".Yəqin bunlar hər birinizə tanış ifadələrdir. Bu təzyiqin, hərdən də təhqirin acı nəticələrinin şahidi olmuşuq. Onu da bildirək ki, bu il universitetə qəbul ola   sayı 18 min 360 nəfərdir.

   Valideynlər övladlarını repetitor yanına göndərəndə, bunun üçün vəsait xərcləməyə başlayanda həm də sətiraltı mesajlar ötürür. Sonda müsbət nəticələrə köklənir. Əslində bu başa düşüləndir. Bəzən məsuliyyətsizlik, bəzən də abituriyentdən asılı olmayan bir çox səbəb hər iki tərəfin arzusunun reallaşmasına mane olur. Psixoloq Gülər Məmmədova valideynləri övladlarına mənəvi dayaq olmağa çağırır. Deyir ki, bəzi ailələrdə bu, bəzən təhqirlə, bəzən ağır təpki ilə ya qarşı tərəfi incitməklə, onu peşmançılığa düçar etməklə nəticələnir. “Təəssüflər olsun ki, insanlar növbəti dəfə hazırlaşmaq, növbəti dəfə uğur qazanmaq üçün həvəs göstərməkdənsə, motivasiya sönür. Valideynlər travamatik olaraq övladlarında böyük iz buraxmamalıdırlar, ağır təpki ilə yanaşmamaldırlar. Çünki ali məktəbə qəbul olmaq o şəxsin, o fərdin. o abituriyentin özünün şəxsi həyatıdır”.

   Mütəxəssislər də bildirir ki, universitetə qəbul olmaq hər şey demək deyil. Ali təhsili olmayıb amma uğur hekayəsi ilə nümunə olan çox sayda insan var. Sosioloq Üzeyir Şəfiyev deyir ki, el gözü deyilən bir anlayış var ki, mənim övladım filan universitetə, filan ixtisasa qəbul oldu. Belə bir sosial görüntü yaratmaq istəyirlər. Bu alınmayanda uşağın üstünə düşürlər, onu sıxışdırırlar. “Bunu faciəyə çevirmək olmaz, həyat davam edir, həyatda başqa uğur hekayələri yazmaq üçün kifayət qədər imkanlar var. Peşə sahələrini seçə bilər. Açıq danışmaq lazımdır, qlobal miqyasda heç ali təhsil yox, kollec təhsili, peşə təhsili daha prioritetdir, əmək bazarında özlərinə daha yaxşı yer tuta bilirlər”.

AİDA