Türkiyədən Azərbaycana su qıtlığı təhlükəsi- Ekoloqlardan XƏBƏRDARLIQ

Bölmə: Araşdırma › ,
Tarix: 15:48 04.09.2023

    Ardı-arası kəsilməyən yanğınlar, anomal istilər, daşqınlar, indi də quraqlıq təhlükəsi. İstanbulda su ehtiyatları ilə bağlı kritik vəziyyət yaranıb. Dünyanın əksər ərazilərində içməli və texniki su ilə təminatda risklərin yaranacağı gözləniləndir.

   İstanbulda su anbarlarının doluluq səviyyəsi 30 faizdən aşağı düşüb. Bəzi anbarlarda son 9 ilin ən aşağı göstəricisi qeydə alınıb. Nəticədə su təminatı anbarlardan həyata keçirilən 16 milyon əhalinin yaşadığı İstanbulda su qıtlığının yaranmasına səbəb olub. Artıq mövcud vəziyyət 15 min müştəriyə bağ və qazonların suvarılması üçün su verilməsi müvəqqəti dayandırılması ilə nəticələnib.

    Ekoloq Qorxmaz İbrahimli deyir ki, dünyanın böyük şəhərlərindən biri İstanbulda bu tip sıxıntıların səbəbi axar sularının olmamasıdır. “Barajlarla, su anbarları hesabına su ehtiyatı yaradılır. Məsələ burasındadır ki, barajların su səviyyəsinin düşməsi hesabına bu su ehtiyatı azalır. Yəni qar yağışı az olur, yaz yağışları, yay yağışları az olduğundan barajlarda təhlükəli əziyyət yaranır”.

   Türkiyədə quraqlıq artacağı halda mənbəyini oradan götürən Kür və Araz çaylarında da su səviyyəsinin düşməsi təhlükəsi yaranır. Bu da əhalisinin günbəgün artdığı Bakıda su qıtlığı məsələsini gündəmə gətirir. Ekoloqlar belə bir təhlükə ehtimalının olduğunu deyirlər. Su ehtiyatının 1 hissəsini yerli sular hesabına, geri qalan hissəsini trans çaylarla təmin edən ölkəmizdə vəziyyətin qonşu ölkədəki su təminatı problemlərindən asılı olaraq dəyişəcəyi gözlənilir. “Mütləq və mütləq birinci növbədə əhali qənaətə keçməlidir, ikinci növbədə və yaxud da ən əsası hökumət su siyasətini daha düzgün istifadə etməlidir”.

   Meliorasiya elmi-tədqiqat institunun direktoru Mir Mövsüm Dadaşevin sözlərinə görə, Bakı, Sumqayıt və Abşeron rayonlarınındakı su çatışmazlığını aradan qaldırmaq üçün Taxtakörpü su anbarı tikilməsi keçən ilə nisbətən su ehtiyatlarını xeyli artırıb. Lakin potensial problemlərin qarşısının almaq üçün bir sıra tədbirlərin davam etdirilməsinə ehtiyac var. “Torpaq kanallarının su itkisinin həcmini nəzərə alaraq bəzi yerlərdə kanallar qapalı şəbəkələrə alınır. Əlavə olaraq əkin sahələrində hamarlama işləri aparılır ki, su itkisi azalsın. Xəzər dənizinin duzsuzlaşdırılması layihəsi həyata keçirilir. İlin sonuna qədər daha ətraflı məlumat veriləcək”.

  Əlavə olaraq Ceyranbatan su anbarında səviyyənin aşağı düşməməsi üçün fermerlərə su müəyyənləşdirilmiş qrafiklə verilir. Həmçinin Bakı və ətraf ərazilər üçün də qrafik müəyyənləşdirilib.

VÜSALƏ