ŞUŞA HƏBSXANASI KÜTLƏVİ MƏZARLIQ KİMİ

Bölmə: Araşdırma › ,
Tarix: 21:39 05.09.2023

   Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin ailə üzvləri Şuşadakı kütləvi məzarlığı ziyarət ediblər. Səfər proqramına itkin düşən ailələrin 50-yə yaxın üzvü qatılıb. Onlar Şuşa həbsxanasının həyətində yerləşən kütləvi məzarlığın yerləşdiyi ərazidə olublar. Erməni qəsbkarlarının 30 illik işğal dövründə törətdikləri vəhşiliklər barədə səfər iştirakçılarına məlumat verilib.

   İtkin düşən şəxsin bacısı Könül Behbudova deyir ki, ermənilər bizim itkinlərlə bağlı məlumat vermirlər. “Onlar susqun qalırlar. Biz Ermənistan dövlətindən tələb edirik. İtkinlərimiz haqqında məlumatı Azərbaycan tərəfinə versin. Biz BMT-dən tələb edirik. Bütün dünyadan tələb edirik”.

Qeyd edək ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid olduğu ehtimal edilən insan qalıqları aşkar olunub. İşğaldan azad edilən ərazilərdə indiyədək bir neçə kütləvi məzarlıqlar aşkarlanıb. Həmin məzarlıqlar Ağdamın Sarıcalı, Şuşanın Daşaltı, Xocavəndin Edilli, Xocalının Fərrux, Füzulinin Yuxarı Seyidəhmədli kəndlərində tapılıb.

HABİL