Ukrayna hərbçilərinin mobil cihazları Rusiyanın hədəfində

Bölmə: Araşdırma › ,
Tarix: 21:30 07.09.2023

  Rusiya bu dəfə Ukrayna hərbçilərinin mobil cihazlarını hədəfə alıb. Kiber müharibəyə başlayan ölkə Ukraynalı əsgərlərin cihazları ilə hərbi sirləri öyrənməyə çalışır. Rusiyalı hakerlər Ukraynalı hərbçilərin mobil cihazlarına müdaxilə etməyə çalışıb. Ölkənin Təhlükəsizlik Xidmətinin məlumatına görə, bu il Rusiya Ukraynanın dövlət orqanlarına 2 mindən artıq kiberhücum həyata keçirib.

   Əsas məqsəd casusluq, sistem, informasiya əldə edilməsi, infrastrukturun məhvi və psixoloji təsirdir. Belə ki, hakerlər son cəhdlərində Ukrayna-Rusiya arasında davam edən əks-hücum əməliyyatları üçün vacib olan məlumatları oğurlamağa çalışıb. Bunun üçün xüsusi təhlükəli proqramdan istifadə olunub. Proqramın köməyi ilə hərbçilərə məxsus android tipli mobil cihazlara daxil olmaq mümkünüdür. BŞ kibertəhlükəsizlik rəsmiləri mövzuyla bağlı xəbərdarlıq edib. Avstraliya, Böyük Britaniya, Kanada və Yeni Zelandiyadan olan IT"lər bu cür proqram təminatlarının təhlükəli olduğunu vurğulayıblar. Belə ki, Proqram faylları skan edir, monitorinq həyata keçirir və bəzi şəxsi məlumatları oğurlayır. Ekspert Viktor Jora deyir ki, Rusiyanın kiberhücumları narahatedici və ciddidir. “Hər gün 10-a qədər ciddi kiber hücumları ilə üz-üzə qalırıq. Bəziləri kiber hücumların sadəcə əhəmiyyətsiz olduğunu düşünür. Lakin bu, belə deyil. Əlbəttə ki, qanadlı raketlərin zərbələrinin təsiri kiber hücumlardan qat-qat yüksəkdir. Kiberhücumların belə güclü təsir göstərə bilməməsinin səbəbi də bizim kibermüdafiə imkanlarımız və səylərimizlə bağlıdır”.

  2022-ci ildən bəri dünyada kiberhücumların sayında əvvəlki illərə nisbətən ciddi artım müşahidə olunur. Əsasən ictimai, maliyyə və media sektorlarını hədəfə alan hücumlar iki mindən çox hücuma məruz qalır. Rusiya Kəşfiyyat Xidmətinin Ukraynaya kiberhücumları müharibənin ilk günlərindən tətbiq olunmağa başlayıb. Lakin, Ukrayna 2015-2016-cı illərdə də, genişmiqyaslı kiberhücumlara məruz qalmış və ölkə üzrə elektrik enerjisi kəsilmişdi. Elə son dörd ilin ən güclü hücumu da məhz Ukraynaya qarşı olub. Naməlum hakerlər Ukrayna hökumət portalına, nazirliklərin, məhkəmə orqanlarının saytlarına hücum ediblər. Eyni zamanda, Rusiya kəşfiyyatı Ukraynanın enerji və nəqliyyat infrastrukturunu da hədəfə alan məlumatların məhv edilməsinə yönələn haker hücumları həyata keçirib.

  İnformasiya texnalogiyları üzrə mütəxəssis Fərid Əmirovun sözlərinə görə, kiberhücumlar müasir zəmanədə çox aktualdır. “İstər şəxsi, istər qrup, istər dövlətlərarası, istər müharibədə, hətta sülh dövründə belə sirr oğurlamaq üçün kiberhücumdan istifadə edildiyinin şahidi olarıq. Müharibə dövründə bu halların yaşanması olduqca normaldır. Çünki o iki dövlət arasında uzun müddətdir xüsusi gərgin vəziyyət davam edir. Əminliklə deyə bilərik ki, Ukrayna əməkdaşları da eynisini Rusiya üçün edir”.

  Rusiya dövlətinin maliyyələşdirdiyi hakerlər İT şəbəkələrindən böyük həcmdə məlumat oğurlaya, zərərli proqramlardan istifadə edə və şəbəkələri bloklaya bilərlər.

ARZU