MEYVƏ-TƏRƏVƏZİN TƏRKİBİ YOXLANILIRMI?

Bölmə: Araşdırma › ,
Tarix: 21:57 07.09.2023

   Ötən həftə Azərbaycandan Rusiyaya ixrac olunan 47 ton pomidor və 14 ton çiyələk saxlanılıb. Görünən odur ki, xaricə göndərilən meyvə-tərəvəzin tərkibi ciddi şəkildə yoxlanılır. Bəs əsas məsələ ölkə daxilində vəziyyət necədir?

  Azərbaycandan Rusiyaya 61 ton bitki məhsulunun ixracı qadağan edilib. Qadağan olunan məhsulların əksəriyyətinin tərkibində, bitkiçilik üçün təhlükəli mikroorqanizmlər aşkar olunub. Mütəxəsisslərin qənaətincə, bəzi zəhərlənmələrin səbəbi məhz bazarlara gətirilən meyvə-tərəvəzlərin düzgün yoxlanılmamasından irəli gəlir. Sağlam qidalanma üzrə mütəxəsis Məhsəti Hüseynova deyir ki, meyvə-tərəvəzin yetiştirilməsində istifadə olunan nitratlar, pestisitlər, herbisitlər demek olar ki, insan orqaniziminə qida vasitəsi ilə keçir. “Bu meyvə-tərəvəz daha çox miqdarda qəbul olunursa, orqanizim həzm etmir və zəhərlənmələrə yol açır. Bu gün bazarlarda və marketlərdə istənilən şəkildə meyvə-tərəvəzlər var. Əkin zamanı bu dərmanların icazə verilən miqdarı var ki, onun tam yoxlanılması da düzgün həyata keçirilmir. Əgər keçirilsə idi, təbii ki, zəhərlənmə halları çox olmazdı”.

   Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilir ki, meyvə-tərəvəzlərin yoxlanılması prosesi mütəmadi davam edir. AQTA-nın sektor müdiri Cavidan Quliyevin sözlərinə görə, hər hansı bir təhlükə aşkar olunarsa, məhsul dövriyyədən çıxardılır və məhv edilir. “Meyvə və tərəvəzlərin satışının həyata keçirildiyi yerlərdə mütəmadi monitorinqlər keçirilir. Bu məhsullardan müvafiq qaydalara uyğun olaraq numunələr götülür, laboratoriyaya cəlb edilir. Onların təhlükəsizlik göstəricilərinə uyğun olub olmaması nəzarətdə saxlanılır. Hər hansı nümunədə pestisit və nitrit qalığının normadan çox olduğu müəyən edildiyi zaman həmin məhsul partiyaları dövriyyədən çıxarılaraq məhv edilir”.

   Qida Təhlükəsizliyi Agentliyinin rəsmisi istehlakçılara müraciət edərək, satın aldıqları meyvə və tərəvəzlərdə hər hansı şübhəli hal gördükləri və ya kimyəvi zəhlənmələr zamanı çağrı mərkəzinə məlumat vermələrini xahiş edir.

DUYĞU