JURNALİSTLƏRİN HƏMRƏYLİYİ NİYƏ VACİBDİR?

Bölmə: Araşdırma › ,
Tarix: 12:29 08.09.2023

   Hər il sentyabrın 8-i dünya üzrə jurnalistlərin, reportyorların və müxbirlərin beynəlxalq həmrəylik günü qeyd olunur. Dünyada konfranslar, qurultaylar keçirilir, müxtəlif ölkələri təmsil edən jurnalistlər toplanır.  

     Bəs jurnalistlərin həmrəyliyi nə üçün vacibdir?


   Əməkdar jurnalist Cahangir Məmmədli deyir ki, bu gün jurnalistlərin həmrəyliyi ona görə vacibdir ki, hərbi sahədə dövlət sirrinin ölkədən kənara çıxmasına icazə verməsinlər, cəbhədə vəziyyət gərgin olduqda birləşə bilsinlər. Əsas isə  döyüşçülərimizi çətin vəziyyətə salacaq yalan məlumatların yayılmasına yol verməsinlər, çünki digər dövlətlər bundan istifadə edib hərbi sirlərimizi öyrənə bilərlər. Bu halların yaranmaması üçün jurnalistlərin birliyi vacibdir.

   Dünya jurnalistlərinin həmrəyliyindən danışan Cahangir müəllim bunun bir az çətin olmasına, dövlətlərin bir çoxunun öz mənfəətinə görə xəbərlər yazıb, mediada paylaşmasına diqqət çəkir. "Müstəqil olduqdan sonra SSRİ jurnalist ideologiyası ilə getməyi qərara aldıq, amma gördük ki, SSRİ jurnalist ideologiyası ancaq öz xeyrinə çalışan olub. Biz də qərb dövlətləri jurnalistlərindən nələrsə öyrəndik. Məsələn, obyektivlik, qərəzsizlik və s. Elə zənn edirdik ki, sadaladıqlarım Qərb dövlətləri mediasının əsas prinsipləridir. Həm 44 günlük Vətən Müharibəsi dövründə, həm də Rusiya-Ukraniya müharibəsi başlayandan bu günə qədər Qərb dövlətləri mediasının mənfəətlərinə uyğun fəaliyyət göstərdiyinin şahidi olduq. O zaman anladıq ki, biz öz dövlətimizin jurnalistləri olaraq, öz ideologiyamız ilə getməliyik". 
    Cahangir Məmmədli jurnalistikada obyektivliyin, qərəzsizliyin, doğruluğun nə qədər vacib olduğuna da diqqət çəkir.  Həmrəyliyə gəldikdə isə deyir ki, birlik, həmrəylik yoxdursa, o zaman biz də olmarıq. "30 il işğal altında olan torpaqlarımızı Ali Baş Komandanımızın siyasəti altında birlik olub 44 gündə geri aldıq. Bu da birliyin nə qədər önəmli olduğunun ən bariz sübutudur".

 

ÇİNARƏ MURADOVA