Universitetlər yeni tədris ilinə hansı yeniliklərə başlayır?
Bölmə: Araşdırma › ,Tarix: 21:56 13.09.2023
Yeni tədris ilinin başlamasına az qalıb. 2023-2024-cü tədris ilində universitetlər tələbələri hansı yeniliklərlə qarşılayır?
Azərbaycan Dövlət Pedaqoji Universiteti yeni tədris ilinə yüksək göstəricilərlə başlayır. Universitetdən İnformator.az.a verilən məlumt görə, 2023-2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulunun nəticələrinə əsasən, ADPU-da azərbaycan və ingilis bölmələri üzrə qəbul planı 100 faiz dolub. Yalnız rus bölməsində bir neçə boş yer qalıb. Ümumilikdə isə, ADPU-nun 2570 nəfərlik qəbul planı 96,42 faiz dolub. ADPU-da cari tədris ilindən bakalavriat səviyyəsi üzrə iki yeni ixtisas - “Dil və ədəbiyyat müəllimlliyi (türk dili üzrə)”, “Dil və ədəbiyyat müəllimliyi (rus dili üzrə)”, bir neçə ixtisasda isə rus və ingilis bölmələri, magistratura səviyyəsində bir yeni ixtisaslaşma - "Menecment (Ali təhsilin təşkili və idarə olunması) üzrə qəbul aparılıb. "Sevindirici haldır ki, yeni açılan ixtisaslar üzrə qəbul planları tam dolub. Eyni zamanda, Pedaqoji Universitetdə 2023-2024-cü tədris ilindən etibarən tələbələrin ölkəmizin müxtəlif regionlarında təcrübə keçmələrini təmin edəcək pedaqoji internaturanın tətbiqinə start veriləcək".
Tələbə qəbulunun I turunun nəticələrinə əsasən, ADPU-ya qəbul olunan bakalavrların sayında 2,3 % artım qeydə alınıb. Onlardan 981 nəfəri 400-dən çox, 930 nəfəri isə 300-400 arası bal toplamış şəxslərdir. Bu il subbakalavr yolu ilə ADPU-ya qəbul olan yoxdur. Artıq tələbə adını qazanmış şəxslərin 97 %-i qeydiyyatdan keçib. Onlardan 138 nəfəri güzəşt kateqoriyası üzrə qeydiyyatdan keçib. Bundan əlavə, ötən illə müqayisədə yeni qəbul olunanlar arasında dövlət sifarişi ilə təhsil alacaq tələbələrin sayında da 2,4 % artım qeydə alınıb. Ümumilikdə isə, qəbul olunan tələbələrin 64 %-i dövlət sifarişi əsasında təhsil alacaq. Güzəşt kateqoriyalarına aid olan ödənişli əsaslarla təhsil alan tələbələrlə birgə bu nisbət 70 %-dən çox olacaq. "Ödənişli əsaslarla təhsil alan tələbələrimiz üçün təhsilin əlçatanlığını təmin etmək məqsədi ilə ADPU I tədris ilinin tələbələrinə qeydiyyat zamanı təhsil haqqının 50 faizini ödəməyə imkan yaradır. Bunlarla yanaşı, tələbələrimiz Tələbə Təhsil Krediti Fonduna müraciət edərək, sərfəli şərtlərlə təhsilhaqqı kreditindən də yararlanırlar". Qeyd edək ki, ötən tədris ilində 399 ADPU tələbəsi tələbə təhsil kreditindən yararlanıb.
ADPU-da magistratura səviyyəsi üzrə isə 440 plan yeri 100 faiz dolsa da, müəyyən səbəblərdən 10 nəfər qeydiyyatdan keçməyib. Nəticədə yekun qəbul nisbəti 97.7 % təşkil edir.
Azərbaycan İlahiyyat İnstitutu da yeni tədris ilinə yeniliklərlə gedir. “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları üzrə plan yerlərinin 100 faiz dolmsı ali təhsil müəssisəsi üçün önəmli hadisə hesab edilir. Qeyd edək ki, bu il “İslamşünaslıq” ixtisasına 50, “Dinşünaslıq” ixtisasına 30 plan yeri ayrılıb. Azərbaycan İlahiyyat İnstitutunda təhsilin bütün pillələri dövlət sifarişi əsasında həyata keçirilir. Tələbələr təhsil aldıqları müddətdə təqaüdlə təmin olunurlar. Təhsilalanlar, həmçinin bu il də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təsis etdiyi, Mənəvi Dəyərlərin Təbliği Fondunun ödədiyi ümummilli lider Heydər Əliyev adına, Qafqaz Müsəlmanları İdarəsinin təsis etdiyi Şeyxülislam və akademik Vasim Məmmədəliyev adına təqaüdlərdən, eləcə də MDTF-nin tələbələrin sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə ayırdığı maddi yardımdan yararlana biləcəklər. "Tələbələrimiz yeni tədris ilində də hər il olduğu kimi, dərslərindən əlavə, müxtəlif pulsuz əlavə kurslarda iştirak edəcəklər. Burada ərəb və ingilis dilləri üzrə, həmçinin peşə hazırlığı kurslarını da qeyd etmək olar. İlahiyyat İnstitutu xarici ölkə universitetləri ilə əlaqələrin qurulması üçün səylə çalışır. Tələbələr əməkdaşlıq protokolları, Erasmus+, Mövlana proqramları vasitəsilə müxtəlif ölkə universitetlərində təhsillərini davam etdirəcəklər".
Bundan əlavə, İnstitutun elmi fəaliyyətində yeniliklər var. Belə ki, Aİİ-nin “Din araşdırmaları” jurnalı növbəti sayından etibarən elektron versiyada fəaliyyət göstərəcək. Jurnalın rəsmi internet saytı müasir standartlara, beynəlxalq jurnallarda məqalələrin yazılması və yayımlanması tələblərinə uyğun olaraq hazırlanıb.
Azərbaycan Texniki Universiteti yeni nəsil mühəndis hazırlığı üzrə xüsusi proqramın icrasına başlayır. AzTU-nun 2022-ci ildə CDIO universitetlər ailəsinə qoşulması mühəndis hazırlığında əsas mərhələ olub. Mühəndis hazırlığı proqramı layihələndirmə, simulyasiya, prototipləndirmə və istehsal zənciri həlqələrini əhatə edir. Odur ki, proqram bu sahədə zəngin təcrübə və resursa malik Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) xüsusi təcrübə proqramı əsasında Milli Aviasiya Akademiyası (MAA) ilə birgə həyata keçiriləcək. Sentyabrın 18-də AzTU, MAA və TUSAŞ-ın birgə əməkdaşlığı çərçivəsində başladılan “AzTU-Turkish Aerospace, MGP 2023.1” adlı proqram layihə əsaslı öyrənmə-öyrətmə modelinə söykənir. AzTU-nun Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin koordinatorluğu ilə həyata keçirilən proqramda baza təhsilləri aerokosmik mühəndislik, informasiya texnologiyaları, mexatronika, maşın mühəndisliyi, elektrik-elektronika, xəbərləşmə (radioelektronika), metallurgiya və s. istiqamətlər olan namizədlər iştirak edir.
Hər bir akademik il çərçivəsində 100 nəfərədək, 2030-cu ilədək isə ümumilikdə ən azı 1000 tələbənin hazırlanması nəzərdə tutulur. Yeni tədris ilində SmartTECH İnnovatorlar Mərkəzinin yaradılması ilə bağlı da qərar qəbul edilib. Bildirilib ki, mərkəz istedadlı tələbələrin (olimpiadalarda, startaplarda və s.) seçilməsi, onların inkişafına dəstək verilməsi, həmçinin innovasiyalara cəlb edilməsi üçün yaradılır.
Sayad Qoşnalıyeva