"SÜLHÜN BƏRQƏRAR OLMASI ÜÇÜN KONKRET İSTİQAMƏT YOXDUR"
Bölmə: Araşdırma › ,Tarix: 20:35 21.09.2023
21 sentyabr dünyada hamının firəvan, dinc yaşaması üçün vacib amil olan Sülh Günüdür. Sülh olmadan planetimizi təsəvvür etmək istəməsək də, insanlıq yaranandan sülhlə yanaşı müharibələrə də rast gəlmişik , hələ də gəlirik. Hər zaman belə olub. Sülh varsa, müharibə, xeyir varsa, şər və s. olub. İnsanların bir qismi müharibələr törətsə də, digər tərəfdən sülh, əmin-amanlıq yaratmaq istəyən insanların sayı az deyil.
Beynəlxalq Sülh Günü BMT-nin 30 noyabr 1981-ci ildəki qərarı ilə bütün dünyada qeyd olunur. Qərarın lehinə dünyanın 192 ölkəsi səs verib. Ceremi Cilli insan cəmiyyətinin əsas problemləri və nisbətən təcili həll olunmalı olan məsələlər barəsində "Peace one day" ı yaradıb. Onun məqsədi dünyanın heç olmasa ildə bir günü insan zorakılığının baş verməsinin qarşısını almaq, atəşkəsin olmağı idi. Bu gün yalnız xalqlara aid deyil, ailələrdə, məktəblərdə zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçündür.
Sülh ən çox hərbi cəhətdən vacibdir. Hərbi ekspert Ramil Məmmədli dünyada sülhün tamamilə bərqərar olmasının mümkün olmadığını iddia edir. "Sülhün tamamilə də olmasa, qismən bərqərar olmasını tənzimləyən bir neçə amil var. Bu öhdəlik dövlətlərin üzərinə düşür, bu istiqamətdə fundemental işlərin aparılmasına ehtiyac var. Dövlətlər yaranan ilk gündən hər dövlət öz ampluasında sülhün əldə olunması üçün fəaliyyət göstərir. Buraya dünyanın böyük dövlətləri də daxildir. Həmin dövlətlər öz maraqları çərçivəsində sülhdən danışırlar. Sülhün bərqərar olması üçün konkret istiqamət yoxdur". Ramil Məmmədli buna misal olaraq Azərbaycan-Ermənistan münasibətlərini nümunə gətirdi. "Ermənistan Azərbaycan ərazisini işğal etdikdə sülhün bərqərar olması üçün Azərbaycanı bu vəziyyətə razılaşdırmağa çalışırdılar. Azərbaycan isə bu vəziyyətdə torpaqların işğaldan azad olunmasını tələb etdi. Bu mövzu mücərrəd, çətin məsələdir. Dünyada sülhün bərqərar olması üçün çox işlər görmək lazımdır, bu da tam mümkün deyil".
Çinarə Muradova