Medianın diplomatiya üzərində təsirləri

Bölmə: Araşdırma › ,
Tarix: 21:17 25.09.2023

Harold Nikolson “diplomatiya” termininin müxtəlif hadisələri, həmçinin xarici siyasəti, müzakirəni, müzakirəni davam etdirmə vasitələrini, xarici xidmətin sahələrindən biri və müzakirə bacarığı da daxil olmaqla müxtəlif fenomenlərin birləşimini müəyyən etmək üçün istifadə olunduğundan şikayətlənir.

 

Nikolsona görə, dipomatiya ilk növbədə beynəlxalq danışıqları, seçilmiş və təyin olunmuş rəsmilər daxil olmaqla, dövlət nümayəndələrinin, beynəlxalq və ya qlobal aktorların öz maraqlarını ifadə etdikləri və müdafiə etdikləri, şikayətlərini bildirdikləri, təhdidlər və ultimatumlar verdikləri kommunikasiya sisteminə aiddir (Sir Harold Nicolson “Diplomacy”).

 

Xüsusilə, əsrimizdə böyük inkişaf mərhələsi keçən informasiya texnologiyaları digər təsirlərlə bərabər diplomatiyaya da təsir göstərib, diplomatiyanı müəyyən mənada dəyişdirib.


Bu inqilabi dəyişikliklər müasir dünya siyasətində güc anlayışını da dəyişdi. Bir xalqın, ölkənin və ya liderin beynəlxalq ictimaiyyətdəki statusunu müəyyən etməyə kömək edən təkcə hərbi və iqtisadi güc deyil, onun imici və informasiya axınına nəzarətidir. Marvin Kalb deyir ki, həqiqətən də yalnız axmaq lider televiziya xəbərlərinin gücünü heçə saya bilər (“Foreword”).


C.Nay və U.Ouensə görə isə beynəlxalq münasibətlərdə məcburetmədən daha çox cəlbetmə ilə istənilən nəticəyə nail olmaq bacarığı kimi anlaşılan “yumşaq güc” ənənəvi güc formalarını getdikcə daha çox əvəz edir (Joseph S. Nye, Jr. and William A. Owens, “America's Information Edge”).


Yenə də medianın diplomatiyada təsir gücünün olması üçün müəyyən faktlara söykənməsi lazımdır. Məsələn, 1989-cu ildə Çində başlamış pro-demokratiya hərəkatı Çin hökumətinə insan haqlarına hörmət etmək üçün təzyiq göstərməyə başladı. Nümayişlərin CNN və digər kanallarda canlı yayımlanması kampaniyanı daha da böyütməyə kömək etdi.

 

“Amerikanın Səsi” və digər beynəlxalq yayımçılar nümayişlər barədə məlumatlar yaymağa başladı. Çin hökuməti “Amerikanın Səsi”nin yayımlarını onların daxili işlərinə müdaxilə kimi şərh etdi və öz növbəsində yayımları dayandırdı, iğtişaşlar haqqında məlumat verən jurnalistləri ölkədən qovdu. Bununla belə, nümayişlərin qlobal media qurumlarında işıqlandırılması Çin hökumətinə təzyiqlərin artmasına gətirib çıxardı.


“CNN effekti” burada meydana çıxır. “CNN effekti” medianın gündəmə çıxardığı siyasi, sosial məsələrdə ictimai rəyin siyasətçiləri müəyyən mövzularda qərar verməyə məcbur etməsidir. “CNN effektində” media kritik diplomatik mövzularda qərar vermə dövrlərinə də təsir etməkdədir.


H.Mövlananın dediyi kimi, son bir neçə onillikdə texnologiya və kommunikasiya institutları həm ölkədaxili, həm də beynəlxalq miqyasda güc və təsirin mahiyyətini və mənbələrini əsaslı şəkildə dəyişdirib (Hamid Mowlana “Toward a NWICO for the Twenty First Century”).


Hazırda Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına, Qarabağ ermənilərinin reinteqrasiyasına hazırlıq prosesi gedir, danışıqlar aparılır. Bu prosesdə medianın üzərinə böyük yük düşür. Media bir güc olaraq həm Azərbaycanın haqlı mövqeyini dəstəkləməli, həm də sülh istədiyini bütün dünyaya çatdırmalıdır.

 

Edlveys