Müharibə jurnalistikasının riskləri və psixoloji tərəfi
Bölmə: Araşdırma › ,Tarix: 17:16 28.10.2023
İnformator.az-ın budəfəki qonağı müharibə jurnalisti Roza Əliqızıdır. O, şəxsi fikir və təcrübələrini bizimlə bölüşüb, bu sahənin əsas nüanslarından bəhs edib.
Roza Əliqızı əsgərlər və jurnalistlər arasında fərq görmədiyini deyib və bunun səbəbini izah edib:
"Müharibəyə girmək hər kəsin işi deyil. Mən döyüşçü, əsgər və jurnalist arasında heç bir fərq görmürəm. Çünki hər biri döyüşün, atışmanın içinə girir. Məsələn, əsgər düşmənlə vuruşur, jurnalist də həmin yerdən reportaj hazırlayır. Əgər jurnalist həmin bölgədən xəbərləri verməsə, heç kəs döyüş bölgəsindən xəbər tuta bilməz. Bu səbəbdən müharibə jurnalistinin işi çox çətindir".
Müsahibimiz deyir ki, müharibəyə gedən şəxs hər şeyi nəzərə alıb getməlidir, çünki o, yaralana, hətta şəhid ola biləcəyini nəzərə almalı, hər şeyi gözünün önünə gətirməlidir.
R.Əliqızının sözlərinə görə, 1998-ci ildən döyüş bölgələrinə yollanıb. Həmin vaxtda ermənilər Qazax və Qubadlı istiqamətlərindən sərhədlərimizi pozublar və özü də elə o vaxtdan bu bölgələrə gedib:
"Burada çox çətin anlarım olub. Lakin alışqanlıq yarandığından həmin bölgəyə bir dəfə gedəndən sonra yenə getmək istəyirsən".
Daha sonra o, bunun bir başqa səbəbini vurğulayıb:
"Dəfələrlə gedəndə artıq insanda qorxu olmur, döyüş bölgəsinə yollanda gözünə heç nə görünmür. Sadəcə düşünürsən ki, mən buradan mütləq reportaj hazırlamalıyam".
Roza Əliqızı deyir ki, həmişə döyüş bölgələrinə yollananda komandirlər icazə verməsələr də, ən irəliyə gedib. Onun sözlərinə görə, 2020-ci ildə heç bir jurnalisti döyüş bölgələrinə getməyə qoymasalar da, o, alternativ yollarla özünü həmin bölgələrə çatdırıb:
"Ümumiyyətlə, bu illər ərzində Müdafiə Nazirliyindən 1-2 dəfə icazə aldım, qalan vaxtlarda isə özüm başqa yollarla döyüş zonalarına gedib risk etdim".
Müsahibimizin dediyinə görə, bu sahədə xüsusi təlimlərə ehtiyac yoxdur, müəllimləri ona yetərli dərsləri keçiblər. Bundan əlavə, jurnalistlər xüsusi nəzarət altında müxtəlif bölgələrə yollanırlar:
"Məncə, müharibə jurnalistikası üçün təlim keçirilsə də, olar, keçirilməsə də. Çünki jurnalistika fakültəsində bizə jurnalistlərin risklərə hazır olması, prinsipial olması gərəkdiyi haqqında kifayət qədər çox dərs keçirilib, ən azından mən oxuduğum zamanlarda elə idi. Qulu Məhərrəmli də bizə bunun haqqında danışıb".
Müsahibimiz deyir ki, müharibə jurnalisti, onsuz da, prinsipialdır. Həm də jurnalist döyüş bölgəsinə gedəndə tək olmur, komandir nəzarəti altında, əsgərlərlə hərəkət edir.
Roza Əliqızının sözlərinə görə, o zamanlar müharibə jurnalisti olaraq müharibəyə qatılanlar içərisində Azərbaycan televiziyasından gələnlər də olub. Məsələn, qaynar döyüşlərdə olan Ədil Arifoğlunun da bununla bağlı süjet, reportajları var.
"Yəni ki, bu, ora gedəcək jurnalistin risklərə atılmaq arzusundan, prinsipiallığından irəli gəlir. Heç kim müharibə zonasına gedəcək jurnalisti "Mütləq getməlisən",- deyə məcburiyyət qarşısında göndərmir. Hər kəs öz istəyi ilə hərəkət edir, qərar verir. Ora gedən şəxs də, təbii ki, hazır olduqda gedir, yəni bilir ki, oraya gedirsə, hər an döyüşlə qarşılaşa, döyüşdə yaralana, şəhid ola bilər. Məsələn, Ədil Arifoğlu da döyüşdə yaralanıb, lakin buna baxmayaraq, həmin hadisədən sonra da döyüş bölgəsinə gedib.
"Mənim də başıma çox təhlükəli hadisələr gəlib", -deyən müsahibimiz şəxsi təcrübələrindən misal gətirir:
"Məsələn, Ağcabədi ilə Ağdam yolunda məni nömrəsiz erməni maşınına mindirib maşını qaçırdıqlarını dedilər, amma, sən demə, elə özləri ermənilər ilə işləyiblər. Bir ara deyirdilər ki, müharibə zamanı bir ailə, avtobus səhvən erməni tərəfə keçib. Onlar da məni gecə ilə ermənilərə aparmaq istəyiblər. O tərəfdə bütün kəndlər, ərazilər boşalmışdı və 1 km qalmışdı ki, bir çobanla danışanda gerçəyi anladım. Mənə dedi ki, ay bala, sən hara gedirsən? Zərnişanlı hara, bura hara? Soruşanda ki, bura haradır, erməni tərəfə 1 km-dan az qaldığını dedi. Bu böyük bir hadisə oldu və FB, qəzetlərə də müsahibə verdim, mətbuatda dərc olundu".
Oradan qayıdıb gələndə 2 gün bizi, həmçinin maşınımızı qovdular. Sonra Ağcabədi Hərbi Polisinə müraciət etdim və onlar da bizə kömək etdilər. Daha sonra qayıdıb Müdafiə, Daxili İşlər Nazirliyinə xəbər verdim, həmin adamları həbs etdilər. Düzdür, mən o zaman ölməkdən deyil də, düşmən əlinə keçməkdən çox qorxmuşdum, çünki həyat yoldaşımla idim, amma, yenidən bölgələrə getdim".
Sonda müsahibimiz öz peşəsinə olan sevgisini ifadə edərək duyğularını bizimlə bu cür bölüşüb:
"Bu mənə peşə oldu və artıq müharibədən başqa heç bir şey haqqında yaza bilmirəm. Dediyim kimi, jurnalist prinsipial olmalı və istədiyinə nail olmağı bacarmalıdır".
Dünyanın ən təhlükəli peşələrindən olan jurnalistikanın psixologiyaya təsiri barədə psixoloq Lalə Ələkbərova ilə həmsöhbət olduq. Psixoloq vurğulayıb ki, jurnalist psixologiyası şəxsiyyətə görə dəyişir. Peşə etibarilə çox yüksəkdə dayanan və dəyəri ölçülməyən bir sənət olduğundan jurnalistin psixologiyasında standart meyarlar yoxdur.
"Hesab edirəm ki, psixoloji baxımdan jurnalistlər çox güclü olurlar. Bu bütün dünyada belədir və eyni zamanda, bütün sənətlərin bir peşədə cəmləşməsindən irəli gəlir".
Jurnalist peşəsinin həkimlik sənəti kimi çətin və diqqəti sevən olduğunu deyən psixoloq fikirlərinə belə davam edib:
"Bəzən hansısa təhlükəyə göz qırpmadan belə getmək bu sənətin mötəbərliyini daha da artırır. Və bundan irəli gəlir ki, onların fərqli və güclü psixologiyaları var.
Jurnalist olan şəxs təhlükədən qorxmadığı kimi, neytrallığı da elə olmalıdır. Onların həssaslığını və daxili zənginliyini alimlə, ziyalı ilə müqayisə etmək olar. Çətinliyinə və diqqət tələbinə görə isə həkimlik sənətilə bərabər tutulur".
Aydan Qasımova, Məryəm Abdullazadə