Kimimiz elmi ən uca əməl, kimimiz isə...

Bölmə: Araşdırma › ,
Tarix: 20:09 05.12.2023

  "Qızların oxumamasını, cəhalətə yuvarlanmasını istəməyənlərin yalnız bir fikri var: üzərində hökmranlıq etmək, əvəzinə qərar vermək, bütün haqq və hüquqlarına özləri sahib olmaq. Bir qadının oxumasına qarşısansa, deməli ondan qorxursan". Bu sözləri informator.az-a açıqlamasında sosioloq Lalə Mehralı söyləyib.

 

   Sosioloq deyir ki, əgər bir qadın oxumaq istəyirsə və bunu ailəsində, ətrafında kimsə dəstəkləmirsə, bu o deməkdir ki, onu ətrafında sevən, dəyər verən insan yoxdur. "Bir insanın fikrinə hörmət etmək, fikirlərini dəstəkləmək onu ciddiyə almağın ən yaxşı örnəyi deməkdir. Oxumaq bu dünyada insanın edə biləcəyi ən müqəddəs işdir. Yəni insan elm öyrənirsə, bu dünyada bundan daha yaxşı edəcəyi heç nə yoxdur".

   Lalə Mehralı qeyd edir ki, bizim çox böyük alimlərimiz, din xadimlərimiz bu barədə danışıb və oxumağı 40 il namaz qılmaqdan, din öyrənməkdən daha əfsəl iş biliblər. "Ona görə də qadınların oxumasına kim ki mane olmaq istəyir, etiraz edir, cəhənnəm elə onların öz içindədir. Əlbəttə, o insanları da cəmiyyət özü yetişdirir. O cür dar düşüncəli insanlar da bizim içimizdən çıxır. Onlar nə kosmosdan gəliblər, nə də yerdən çıxıblar. Bizim içimizdə yetişiblər, tərbiyələniblər və o düşüncəyə sahib olublar".

   Sosioloq eyni zamanda qeyd edir ki, kimimiz elmi ən uca əməl, kimimiz isə şeytan əməli kimi qiymətləndiririk. "Buna görə də ətrafımızda nə qədər insan varsa, bir o qədər də fikir ayrıcalığı mövcuddur. O qədər cəhalət içində boğulan amma mühüm vəzifədə oturan insanlar var ki, kənardan elmli, ziyalı kimi görürük, amma xarakterini öyrənəndə görürük ki, elə cəhalət onun içində oturub".

    Sosioloqun sözlərinə görə, elmə qarşı düşmənçiliyi olan, xüsusilə ailəsindəki qadının təhsilinə qarşı etiraz edən şəxs bir növ elm düşmənidir. "Bir insanın zəkasında beynində elm yerinə cəhalət oturubsa, onu asan təmizləmək olmur. Nəinki elm öyrətmək, əksinə cəhaləti başqalarına öyrətmək daha asandır. Çünki onu qəbul etmək üçün zəkaya ehtiyac olmur, kor-koranə beyinə yükləmək olur".

   Lalə Mehralı həmçinin deyir ki, bu cür insanların içimizdə olmasına həm alışmalıyıq, həm də alışmamalıyıq. "Ona görə alışmalıyıq ki, hər cür insanın olması reallıqdır. Ona görə alışmamalıyıq ki, bu cür insanların mümkün qədər az olmasına çalışmalıyıq".

   Sosioloq bu cür insanların düşüncələrindən vaz keçmək istəməməklərinin səbəbini həyatın onlara rahat gəlməsində görür. "Öz qadınlarını, qızlarını idarə etmək, yönləndirmək, onlara asan gəlir. Çünki elmli, dünyagörüşlü qadınlar öz haqlarını bilirlər. Amma qəbul etmək lazımdır ki, bir kişi təhsil alırsa, bir qadın təhsil alırsa, ailəsini qurtarır. Qadın ziyalıdırsa, övladlarını xilas edir, amma eyni şeyi kişilər haqqında demək olmur. Ona görə də qadınların təhsil almasına cəmiyyət olaraq daha çox çalışılmalıyıq". 

AYNUR BABAYEVA