Vətən Müharibəsindən sonra qazandığımız qələbə rəssam və heykəltəraşların əsərlərində

Bölmə: Araşdırma › ,
Tarix: 20:17 05.12.2023

   Müasir Azərbaycan heykəltəraşlığı bu gün dünya arenasında uğurla nümayiş olunur" İnformator.az-a açıqlamasında heykəltəraş Namiq Hüseynov Azərbaycan incəsənət tarixində heykəltəraşlıq sənətinin orta əsrlərdən başlayaraq əsas inkişaf yolunu keçdiyinə diqqət çəkib. 


   "Orta əsrlərdə Azərbaycan ərazisində, Ağdam və Şamaxıdan tapılmış insan obrazlı heykəllər ən qədim heykəltəraşlıq nümunələri hesab olunur. Həmin dövrdən başlayaraq at, qoç (heyvan formalı - animalistik) daşdan yonulmuş heykəltəraşlıq nümunələri yaranmağa başlayıb. Heykəltəraşlıq sənəti 2 yerə bölünür - həcmli, yaxud dəyirmi heykəltəraşlıq və relyef heykəltəraşlığı. Heykəltəraşlıqda müxtəlif materiallardan (gil, əhəng daşı, ağac, mərmər, qranit, bürünc və şüşədən) istifadə olunur. Heykəltəraşlıq sənətinin 3 sahəsi var - Monumental, dekorativ və dəzgah heykəltəraşlığı".

   Azərbaycanda heykəltəraşlıq sənətinin intibah dövrünün 20-ci əsrin əvvəllərinə təsadüf etdiyini deyən Namiq Hüseynovun sözlərinə görə, Xalq Cumhuriyəti dövründə ilk ali təhsil almış heykəltəraş Azərbaycanın ilk dövlət gerbinin və bir çox medalların müəllifi Zeynal Əlizadə olub. "Sovetlər dövründə ilk dəfə 1922-ci ildə Azərbaycanda peşəkar rəssamlıq məktəbi yarandı. İlk müəllimləri isə İbrahim Quliyev, Yelizaveta Tripoliskaya və Pinxos Sabsay olub. Sonralar daha da inkişaf etmiş, görkəmli heykəltəraşlar meydana çıxıb".

  Şərqdə ilk milli heykəltəraşlıq sənətinin banisi kimi Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Hüseyn Əhmədov, Səlim Quliyev, Tokay Məmmədov, Ömər Eldarov, İbrahim Zeynalov və digərlərinin adını qeyd etmək olar. İlk qadın heykəltəraş Zivər Məmmədova, Həyat Abdullayeva, Sevil Hüseynova, Münəvvər Rzayevadır.

   Namiq Hüseynovun sözlərinə görə, heykəltəraşlıq sənəti bu gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında tədris olunur. Müasir Azərbaycan heykəltəraşlığının ən tanınmış nümayəndələri Ömər Eldarov, Arif Qazıyev, Fuad Salayev, Akif Əsgərov, Natiq Əliyev və Zeynalabdin İsgəndərovdan dərs alan tələbələr müasir Azərbaycan heykəltəraşlığının gələcəyidir. Bu gün heykəltəraş və rəssamlarımız dünyanın müxtəlif ölkələrində keçirilən festivallarda və beynəlxalq sərgilərdə ölkəmizi uğurla təmsil edirlər. "Venesiya Biennalesində iştirak edən Teymur Rüstəmov, Kənan Əliyev və Elvin Nəbizadənin adlarını qeyd etmək istərdim. Onların hər birinin özünəməxsus üslubu var".

    Namiq Hüseynov qeyd edir ki, Azərbaycan dövləti hər zaman yaradıcı gənclərə dəstək olur. "Noyabrın ilk həftəsində ənənəvi olaraq keçirilən "FRANKFURT DİSCOVERY Art 2023" də dünya üzrə seçimlərdə 1000-dən çox rəssamın qatıldığı müsabiqədə 114 rəssamın yer aldığı sərgidə Azərbaycanı təmsil etmək bizə, heykəltəraş Kənan Əliyev, Namiq Hüseynov və bizim Almaniyada yaşayan həmyerlimiz rəssam Fərid İsmayılova qismət oldu. Burada bir çox müasir heykəltəraşlıq və rəngkarlıq əsərləri ilə çıxış etdik, dünyanın bir çox tanınmış kolleksiyaçıları, sənətşünasları yüksək qiymətləndirildi və şəxsi kolleksiyalara alındı. Bu gün Azərbaycan rəssamlığı inkişaf edir və 44 günlük Vətən müharibəsindən sonra qazandığımız qələbə rəssam və heykəltəraşların əsərlərində özünü göstərir. Qələbəmizi əks etdirən heykəltəraşlıq və rəngkarlıq nümunələri yaranmağa başlayır". 

  

Aydan İsayeva