Ümumilli Lider və Uğurlu Davamçısı -Məhəmməd Kərimov yazır

Bölmə: Araşdırma › ,
Tarix: 00:30 12.12.2023

 

Azərbaycan xalqı şanslı xalqdır. Dövlətimizin yerləşdiyi əlverişli coğrafi mövqe, bir çox təbii sərvətlərin ölkə sərhədləri çərçivəsində olması bizim şanslı olmağımıza dəlalət etmir. Şansımız güclü rəhbərlərimizdən qaynaqlanır. Bir ölkə nə qədər zəngin olsa da, düzgün rəhbər yoxdursa, dağılmağa və talan edilməyə məhkumdur. Bu baxımdan Azərbaycan xalqı bəxtəvərdir. 

 

Ümummilli lider Heydər Əliyev dövləti mükəmməl idarə etməklə yanaşı, həm də dağılmaq təhlükəsindən xilas edən, yenidən quran və gücləndirən dövlət başçısı kimi yaddaşlara həkk olunub.

 

 Heydər Əliyev Sovet Hakimiyyəti dövründə bir çox yüksək vəzifələrdə çalışıb, 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik komitəsinin sədri vəzifəsinə təyin olunaraq general-mayor rütbəsinə layiq görülüb. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin olunub. Heydər Əliyev 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilib. Eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunub. Heydər Əliyev dəyişən SSR rəhbərliyinin siyasi xəttinə öz etirazını bildirərək 1987-ci ildə bütün vəzifələrindən istefa edib. Bütün sahib olduğu yüksək vəzifələrə baxmayaraq, Heydər Əliyev 1990-cı ilin 20 yanvar hadisələri zamanı Bakıda törədilən qanlı faciə zamanı xalqın yanında olub, Azərbaycanın Moskvadakı nümayəndəliyində çıxış edərək bu cinayətin səbəbkarlarının cəzalandırılmasını tələb edib, Qarabağda yaranmış vəziyyət ilə bağlı SSR rəhbərliyinin ikiüzlü siyasətinə cavab olaraq 1991-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. Bu davranış Heydər Əliyevin xalqını sevən və öz həyatı, hətta ailəsi belə təhlükə altında qalmasına baxmayaraq, xalqının mənafeyini öz mənafeyindən üstün görən şəxsiyyət olmasını danılmaz fakt kimi gözlər önünə qoymaqdadır. Məhz bu xarakteri səbəbilə 1993-2003-cü illər arasında xalqımızın istəyi ilə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olub. Xalqımız bununla doğru seçim edib. Dövlət rəhbərliyinə gələn Heydər Əliyev özündən əvvəlki rəhbərlərin bacarıqsızlığı səbəbilə dağılmaqda olan Azərbaycan hakimiyyətini bir araya toplayaraq dövləti yenidən bərpa edib. Dövlətimizi xarici arenada tanıdıb. 2003-cü ildə səhhətində olan problemlə əlaqədar Heydər Əliyev seçiçilərinə onun əvəzinə İlham Əliyevə səs vermələrini tövsiyə edib.

 

Bu gün Prezident Ilham Əliyevin həm daxili, həm də xarici siyasəti nəticəsində Azərbaycan dünyanın nüfuzlu ölkələri sırasındadır. Ölkəmizin bir sıra önəmli idman yarışlarına ev sahibliyi etməsi yanında, Azərbaycan bir çox uğurlu təşkilatlara üzv olub. Qoşulmama hərəkatına üzv olan dövlətimiz 2019-2020-ci illərdə Qoşulmama Hərəkatının rəhbərliyi İlham Əliyevə həvalə edilib, uğurlu və ədalətli rəhbərlik nəticəsində hərəkata rəhbərlik 2023-cü ildə də Azərbaycan Prezidentinə həvalə olunub.

 

   

Dövlətimizin gücünü və hörmətini daha da yüksəldən Prezident Ilham Əliyevin Ali Baş Komandan kimi də öz möhürünü vurub. 27 sentyabr 2020-ci il tarixində Ali Baş Komandanın əmri ilə “Dəmir Yumruq” adlı hərbi əməliyyat ilə Azərbaycan qoşunları öz əzəli torpaqları olan Qarabağı azad etmək üçün hücuma keçib. 44 gün ərzində Azərbaycan Ordusu tam qələbə çalaraq Qarabağı işğaldan azad edib. Mənfur erməni qoşunları Azərbaycan torpaqlarından çıxarılıb. Qarabağda olan separatçıların təmizlənməsi üçün isə Ali Baş Komandanın əmri ilə 2023-cü ildə cəmi 23 saat 43 dəqiqə zaman alan bir müddət ərzində antiterror tədbirləri də Qələbə ilə yekunlaşıb. Bu, Ali Baş Komandanın düzgün siyasəti, dövlətinə, orduya yetirdiyi diqqətin nəticəsidir. Tarix boyu bir sıra sərkərdələrə sahib olan Azərbaycan ordusu, bu əsrdə də İlham Əliyev kimi cəsarətli sərkərdə ilə yenidən Zəfərə imza atdı. Dəmir Yumruq hər zaman yerindədir! Qarabağ Azərbaycandır!