Tarixdə bu gün- Rəşid Behbudovun doğum günü

Bölmə: Araşdırma › ,
Tarix: 19:16 14.12.2023

Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə əslən Şuşalı xanəndə Məcid Behbudov Behbudalı oğlunun ailəsində dünyaya gəlib. Anası Firuzə Vəkilova isə Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar nəslinə mənsub idi.

 

Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə öz fəaliyyət orkestrində çalışıb.

 

1930-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrında klassik operaların xor səhnələrində solo oxuyur. 1939-cu ildə həmin teatrın truppası ilə birlikdə Moskvada Azərbaycan incəsənəti günlərində iştirak edir. 1942-ci ildə kollektivlə birgə Krım cəbhəsinə yollanır. Həmin il Azərbaycan dövlət caz orkestrının tərkibində İranda qastrol səfərində olub.

 

1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alıb.

 

"Biz Arşın mal alan filminə baxanda ilk olaraq Rəşid Behbudovun siması yada düşür".- Bu sözləri informator.az-a açıqlamasında musiqişünas, Əməkdar incəsənət xadimi Lalə Hüseynova söyləyib.

 

Lalə Hüseynova Rəşid Behbudovun Azərbaycan musiqisinə yeni çalarlar gətirdiyini, Azərbaycan musiqisinə çox şey bağışladığını, opera-vokal üslubunu Azərbaycanda ən çox məşhurlaşdıran sənətkarlardan biri olduğunu vurğulayıb.

 

1945-ci ildə Rəşid Behbudovun filmi efirə çıxıb və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanıb. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin" mükafatı ilə təltif olunub.

 

1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edib.

 

1946–1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953–1960-cı illərdə fasilələrlə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957–1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub.

 

Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən Rəşid Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynamışdır. Rəşid Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazıb.

 

Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.

 

2015-ci il 14 dekabrda Heydər Əliyev Sarayında 100 illik yubileyi qeyd olunub.

 

Yusif Mamedov