Tarixdə bu gün- Şəfi bəy Rüstəmbəylinin anım günü

Bölmə: Araşdırma › ,
Tarix: 16:23 20.12.2023

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan, Mətbuat haqda qanunun ilk müəllifi, Azərbaycan qəzetinin redaktoru Şəfi bəy Rüstəmbəylinin anım günüdür.

 

Şəfi bəy Rüstəmbəyli 1893-cü ildə Nuxa qəzasının Aydınqışlaq kəndində anadan olub. Uşaqlıq illərindən daim vətənə sevgi bəsləyən Şəfi bəy Rüstəmbəyli 1911-ci ildə Kiyev Universiteti Hüquq fakültəsinə qəbul olub. Universitet illərindən siyasi həyata qədəm qoyan Şəfi bəy tələbəlik illərində Azərbaycan Həmyerlilər Təşkilatının qurucularından biri olub. 1916-cı ildə Təhsilini başa vuran Şəfi bəy Gəncəyə qayıdıb, oranın mədəni və ictimai həyatında yaxından iştirak edir. Cümhuriyyətin qurulmasında müstəsna rol oynamış Şəfi bəy Rüstəmbəyli 1918-ci il sentyabrın 15-də Azərbaycan Xalq Cümhuriyyətinin orqanı olan "Azərbaycan" qəzetinin redaktoru olub və Qəzetin səhifələrində onun Azərbaycanın siyasi və ictimai həyatına dair xeyli məqaləsi çıxıb. Azərbaycan Xalq Cümhuriyyətində vəzifəsi sürətlə yüksələn Şəfi bəy Rüstəmbəyli, 1920-ci il martın əvvəllərində nazir müavini vəzifəsinə qədər yüksələ bilir.

 

Azərbaycan" qəzetinin baş redaktoru olduğu dövrdə, 1919-cu ildə ilk milli mətbuat haqqında qanunu işləyərək parlamentdə qəbul olunmasına nail olur. Aprel işğalının yaxınlaşdığı zamanlarda ruslara qarşı mübarizə aparılmasının tərəfdarı olan Şəfi bəy Parlamentin son iclaslarında Məhəmməd Əmin Rəsulzadə dərin bir kədər və hüznlə istilanın Azərbaycana yetişdiyini söyləyərkən arxadan hönkürtülü bir şəkildə ağlayıb. Vətəninə millətinə daim xidmət edən bu böyük şəxsiyyət İstiladan sonra ümidini heç vaxt üzməyib, daim Müstəqil Azərbaycanın yenidən qurulması üçün durmadan çalışıb. Mühacirət illərində böyük əziyyətlər çəkən Şəfi bəy Rüstəmbəyli 1960-cu il 20 dekabrda "Vətən", "Azərbaycan" deyərək əbədiyyətə qovuşur.

 

Yusif Mamedov