"Heydər Əliyev adına təqaüd"çü -Günay Abbasova

Bölmə: Sosial › ,
Tarix: 20:15 20.12.2023

"İnformator.az" saytının növbəti müsahibi "Heydər Əliyev adına təqaüd" mükafatçısı, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin tələbəsi Günay Abbasovadır.

Günay Abbasova kimdir?

Mən, Günay Abbasova, 12 noyabr 2002-ci ildə Şəmkir rayonunda dünyaya gəlmişəm. Bəli, təsadüf əsəri məsləyim kimi doğum günüm də Konstitusiya ilə kəsişir.

Orta təhsilimi (2009–2020-ci illər) R.Pirnəzərova adına orta məktəbdə alıb, 2020-ci ildə 623 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsi - hüquqşünaslıq ixtisasına qəbul oldum. 2021-ci ildən isə ali təhsilimi SABAH qruplarında davam etdirirəm, hazırda isə 4-cü kurs tələbəsiyəm.

İstər məktəb, istər universitet illərim, istərsə də asudə vaxtlarım həmişə təhsil səciyyəli olub. Məktəb dövrümdən bəri olimpiada və müsabiqələr də daxil olmaqla çoxsaylı bilik yarışmalarında iştirakım olub. 2-ci kursda isə özümə bəlli olmayan həvəsim gün üzünə çıxdı. Yazmaq. Və çox çəkmədən qələmim hüquqa tabe oldu. Ümumiyyətlə, "Hüquq" mənə görə ortaq məxrəcdir. Təpədən dırnağa, bütün varlığımla hüququn içindəyəm

Müəllifi olduğum 17-dan artıq məqalə və üzərində işlədiyim bir elmi kitab var. Tələbə olduğum dövrdə Bakı Ağır Cinayətlər Məhkəməsi və bir çox hüquq şirkətlərində təcrübə keçmək imkanı qazandım. 

Bununla belə, hazırda Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının əsas məqsədi xalqın hüquqi maarifləndirilməsini həyata keçirmək olan "ProDemos – Xalq üçün” layihəsində məzmun yaradıcısı kimi fəaliyyət göstərirəm. FELAS adlı xarici təhsilli hüquqşünas məzunlardan ibarət qeyri-hökümət təşkilatlarından birində isə hüquqi araşdırmalar üzrə mütəxəssis qismindəyəm. Həmçinin bu il Avropa İttifaqının "Gənc Avropa Səfirləri" (YEAS) təşəbbüsü üzrə Azərbaycandan gənc səfir seçildim. Digər bir tərəfdən vurğulamaq istəyirəm ki, bu təqaüd "Heydər Əliyev ili" çərçivəsində qazandığım sayca ikinci eyniadlı təqaüd olmaqdadır. Bundan əvvəl Azərbaycan Diplomatiya Mərkəzi tərəfindən təşkil olunan “100 illik - ∞” Tələbə Təqaüd Proqramının qalibi oldum.

İnanırdınız ki, təqaüdü qazanacaqsız? 

Təqaüdün verilməsi xətti və şərtlərinə yaxından ilgi göstərmədim. Lakin qazanacağıma dair ümidlərim var idi.

Qazandığınız mükafatı nəyə xərcləməyi düşünürsünüz?

Dəqiq xərc təyinatı seçməsəm də, səmərəli və faydalı məqsədlər üzrə xərcləyəcəyimə əminlik duyuram. Ümumiyyətlə, bu təqaüdü tək maddi fonda dəyərləndirərək uduzmaq istəmirəm. Çünki mənə görə tərəzidə ağır gələn tərəf bu təqaüdün fərəhi, qüruru, coşğusudur.

Təqaüd qazanmaq xəbərini necə aldınız?

Xoş xəbərin müjdəçisi BDU SABAH Mərkəzinin rəhbəri İradə xanım Süleymanova oldu. Hal-əhvalımı soruşduqdan sonra "Günay, mən səni sevindirmək istəyirəm" dedi. Və davamı da gəldi. Sevincim, səsimin xırıldaması hamısı təbii idi. Axı necə həyəcansız, necə reaksiyasız olmaq olar? Elə bil, təhsil həyatımın kuliminasiyasına çatdım.

Gələcək planlarınız nələrdir?

Təhsil mənasında özümü hələ yarımçıq hiss edirəm. Bu səbəbdən həvəsim olan hüquq sahəsi üzrə xaricdə magistratura və doktoranturatura səviyyəsi üzrə təhsilimi davam etdirməyi düşünürəm.

 

Asiman Hafizqızı