2023-cü il MEDİA sahəsi-Səbinə İzzətli açıqlayır

Bölmə: MEDİA › ,
Tarix: 18:25 27.12.2023

2023-cü ilin bitməsinə sayılı günlər qalıb. Önəmli sahələrdən olan media sahəsində də bu il bir sıra hadisələr oldu. İnformator.az-a açıqlamasında 2023-cü il media sahəsini şərh edən media eksperti Səbinə İzzətli hesab edir ki, bu il media sahəsində ən yaddaqalan tədbir iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu oldu. 

 

"Bu Forum həm yerli jurnalistləri bir araya topladı, həm də foruma dəvət alan xarici həmkarlarla yerli jurnalistlərin şəbəkələşməsi, təcrübə və fikir alış-verişi baxımından olduqca əlamətdar idi. Əlbəttə ki, məkanın da tarixi əhəmiyyəti var idi".

 

Səbinə İzzətli qeyd edir ki, bundan başqa MEDİA agentliyinin il boyu fəaliyyətini də xüsusi vurğulamaq istərdim.

 

"Çoxsaylı tədbirlərin keçirilməsi və bunların arasında, xüsusən də, media savadlılığı mövzusuna diqqət edilməsi olduqca mühüm idi".

 

Ekspert deyir ki, bütün bunlarla yanaşı media sahəsində narazı qaldığımız məqamlar hələ də mövcuddur, bu o deməkdir ki, dəyişmək və daha peşəkar olmaq uğrunda mübarizəyə davam etmək lazımdır. 

 

"Nə yazıq ki, dezinformasiya, saxta xəbərlər, klikə hesablanmış uyğunsuz xəbər başlıqlarını, qaynaqsız xəbərlərin hələ də auditoriyaya tirajlanmasının şahidi oluruq. Bundan başqa alternativ media kanallarında, rəqəmsal platformalarda çalışan həmkarların həbslərinə şahid olduq. Təbii ki, bunlar üzücü olaylardır".

 

Səbinə İzzətli ümid edir ki, üzümüzə gələn ildə sadaladığım problemləri görüb, mümkün qədər onları önləmək üçün media sahəsinin peşəkarları əlbir çalışacaq. 

 

"Jurnalistikanın tədrisindən tutmuş media müəssisələrə kimi müəyyən səviyyədə irəli gedə bilək. Çünki təkcə təhsil yetmir, bəzən peşəkar jurnalistikanın təməl prinsipləri ilə silahlanmış jurnalist tələbələr iş həyatına atılanda onların inandıqları doğruları tətbiq etməyə mühit və şərait olmur. Çünki həmin media qurumları “öz bildikləri” prinsiplərlə davam etməyi hədəfləyirlər. Media qurumlarının sahibləri, rəhbərləri və eləcə də redaktor heyəti yeni media mühitini yaxşı bilməli və yenilikləri izləməlidirlər".

 

Ekspert yeni ilimizdə daha çox bilgilənəcəyimizə, daha peşəkar, məsuliyyətli olacağımıza inanır.

 

"Çünki qarşımızda təkcə hədəf auditoriyası deyil, həm də hədəfləri olan auditoriya var. Biz onları yanıltmamalı, doğrunu və yalnız doğrunu çatdırmalıyıq. Bunu bilmədikdə isə susmalıyıq, şayiələrə yol verməməliyik".

 

Səbinə İzzətli son olaraq qeyd edir ki, yalnız bu halda peşəkar və güvənilir media mühiti formalaşdıra bilərik.

 

Aynur Babayeva